Energetika naziri Pərviz Şahbazov Zimbabve Respublikası Milli Assambleyasının sədri Yakob Fransis Nzvidamilimo Mudendanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Energetika Nazirliyindən NTV-yə bildirilib ki, görüşdə Azərbaycanla Zimbabve arasında enerji sahəsində əməkdaşlığın inkişaf perspektivləri, bərpaolunan enerji, neft-qaz sənayesi və enerji qanunvericiliyi üzrə təcrübə mübadiləsi məsələləri müzakirə edilib.
Azərbaycanın enerji sektorunun inkişaf yolu, ölkənin qlobal enerji təhlükəsizliyinə töhfəsi və enerji keçidi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Bildirilib ki, karbohidrogenlər uzun illər qlobal enerji balansının mühüm tərkib hissəsi olaraq qalacaq, eyni zamanda, Azərbaycan bərpaolunan enerji mənbələrinin inkişafını strateji prioritet kimi müəyyənləşdirib. Bərpaolunan enerji mənbələri sahəsində beynəlxalq təcrübəyə uyğun müasir qanunvericilik bazasının formalaşdırıldığı və onun artıq praktikada öz səmərəliliyini təsdiq etdiyi qeyd olunub. Həmçinin həyata keçirilən külək-Günəş enerjisi layihələri, “Yaşıl Enerji Dəhlizi” təşəbbüsləri ilə bağlı məlumatlar diqqətə çatdırılıb.
Zimbabvenin Milli Assambleyasının sədri Azərbaycanın enerji sektorunun inkişaf təcrübəsinə maraq göstərdiklərini bildirib. O, ölkəsində enerji təhlükəsizliyinin gücləndirilməsi, investisiya mühitinin təkmilləşdirilməsi, bərpaolunan enerji layihələrinin inkişafı, eləcə də enerji qanunvericiliyi və maliyyələşdirmə mexanizmləri sahəsində Azərbaycanın təcrübəsinin öyrənilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə Azərbaycanın neft-qaz müqavilələri modeli, bərpaolunan enerji sahəsində qanunvericilik bazası və investisiya mexanizmləri üzrə təcrübəsinin Zimbabve tərəfi ilə bölüşülməsi məqsədilə müvafiq seminarın keçirilməsi razılaşdırılıb.
