Cari ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur.
DVX-dən NTV-yə bildirilib ki, 2025-ci ilin müvafiq dövrünə nisbətən vergi daxilolmaları 139 milyon manat və ya 1,6 faiz çox təşkil edib.
Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 7 milyard 67,4 milyon manat təşkil edib və büdcəyə proqnozdan əlavə 199,4 milyon manat vəsait ödənilib. Ötən ilin müvafiq dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 645,8 milyon manat və ya 10,1 faiz artıb.
Bu ilin yanvar-iyun aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3 milyard 422,7 milyon manat olub, proqnozdan əlavə 189,9 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 2 milyard 244,9 milyon manatdan çox olub.
Həmin dövrdə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 122,1 milyon manat olub, proqnozdan əlavə 6 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 92,5 milyon manatı ötüb.
İcbari tibbi sığorta haqları üzrə daxilolmaların həcmi 517,1 milyon manatdan çox olub, proqnozdan əlavə 13 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 337,4 milyon manatı ötüb.
