Azərbaycanda "benefisiar mülkiyyətçi" anlayışı qanunvericiliyə daxil edilib və bu sahədə yeni tələblər müəyyən olunub.
NTV xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin Vergi qanunvericiliyinin tətbiqi şöbəsinin baş dövlət vergi müfəttişi Anar Cabbarov Bakıda keçirilən "Vergi və Mühasibatlıq Zirvəsi"ndə bildirib.
Onun sözlərinə görə, qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, hüquqi şəxslər qeydiyyat zamanı benefisiar mülkiyyətçi barədə məlumatı təqdim etməlidir: "Bu tələb "Dövlət rüsumu haqqında" qanunun 14-cü maddəsinə edilmiş dəyişiklik əsasında tətbiq olunub. Məlumatların təqdim edilməməsi inzibati məsuliyyət yaradır, bu halda cərimələr tətbiq oluna bilər. Yeni yanaşmanın məqsədi hüquqi şəxslərin arxasında dayanan real sahiblərin müəyyən edilməsi, şəffaflığın artırılmasıdır. Təqdim olunan məlumatın konfidensiallığı qanunvericilik çərçivəsində qorunur. Hazırda sistem yeni tətbiq olunduğu üçün gecikmələrə daha yumşaq yanaşma tətbiq edilir".
