Braziliyanın Ali İdman Məhkəməsi (STJD) "İnternasional"ın müdafiəçisi Viktor Qabrieli "Kruzeyro"nun hücumçusu Qabriel Peki zədələdiyinə görə futbolçu tam sağalanadək yarışlardan kənarlaşdırıb.
NTV xəbər verir ki, bu barədə "The Touchline" portalı məlumat yayıb.
Hadisə komandalar arasında keçirilən görüşün 58-ci dəqiqəsində baş verib. Viktor Qabriel rəqib futbolçuya qarşı kobud müdaxiləyə görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Nəticədə Qabriel Pekin baldır sümüyü sınıb. Hücumçu əməliyyat olunub və onun bərpa prosesinin 3-4 ay davam edəcəyi gözlənilir.
STJD qərarında bildirib ki, intizam qaydalarında nəzərdə tutulan 1-6 oyunluq diskvalifikasiya zədənin ağırlığını nəzərə alaraq kifayət etmir. Bu səbəbdən Viktor Qabrielin cəzasının Qabriel Pek tam sağalana qədər qüvvədə qalmasına qərar verilib. Bununla yanaşı, müdafiəçinin diskvalifikasiya müddəti maksimum 180 gün ola bilər.
Qeyd edək ki, qarşılaşma "Kruzeyro"nun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
