satellite   Azerspace-1: 11135 H 30000

Çempionlar Liqası: “Araz-Naxçıvan” mübarizəyə əsas mərhələdən başlayacaq

Çempionlar Liqası: “Araz-Naxçıvan” mübarizəyə əsas mərhələdən başlayacaq

Futzal üzrə UEFA Çempionlar Liqasının ilkin və əsas mərhələsinin püşkatma mərasimi iyulun 8-də keçiriləcək.

NTV  xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edəcək “Araz-Naxçıvan” mübarizəyə birbaşa əsas raunddan başlayacaq.

Ümumilikdə 52 assosiasiyanı təmsil edən 56 klub Çempionlar Liqasının qalibi adı uğrunda yarışacaq. Reytinq cədvəlində ən aşağı pillələrdə qərarlaşan 32 komanda ilkin mərhələdə mübarizəyə qoşulacaq. Onlar hər birində 4 iştirakçı olmaqla 8 qrupa bölünəcək. Mini-turnir formatında keçiriləcək oyunların yekununda yalnız qrup qalibləri əsas mərhələyə yüksələrək B yolunda mübarizəni davam etdirəcək. İlkin mərhələnin görüşləri avqustun 25-30-da təşkil olunacaq.

Son çempion Portuqaliyanın “Sportinq” klubu da daxil olmaqla 24 komanda əsas mərhələdən yarışa başlayacaq. UEFA reytinqində 21-ci pillədə qərarlaşan “Araz-Naxçıvan” B yolunda mübarizə aparacaq. Reqlamentə əsasən, reytinq cədvəlinin 12-15-ci və 20-23-cü pillələrində yer alan 8 klub, həmçinin ilkin mərhələnin 8 qrup qalibi bu yolda çıxış edəcək. Yalnız qrup qalibi 1/8 final mərhələsinə vəsiqə qazanacaq.

B yolunda qrup oyunlarına ev sahibliyi edəcək komandalar da müəyyənləşib. Polşanın “Piast Qlivitse”, Serbiyanın “Lozniça-Qrad 2018”, İtaliyanın “L84 Torino” və Lüksemburqun “Differdanj 03” klublarının müraciəti UEFA tərəfindən müsbət cavablandırılıb.

“Araz-Naxçıvan” püşkatmada ikinci səbətdə yer alacaq. Bu səbəbdən təmsilçimiz ikinci səbətin digər iştirakçıları – “L84 Torino”, “Differdanj 03” və Ukraynanın “Atletik Futsal” klubu ilə eyni qrupa düşə bilməyəcək. Beləliklə, Azərbaycan çempionunun yer alacağı qrupun oyunları Polşa və ya Serbiyada keçiriləcək.

Əsas mərhələnin oyunları oktyabrın 27-dən noyabrın 1-dək baş tutacaq.

UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Ermənistan – Azərbaycan, Kosovo – Bosniya və Herseqovina, Kosovo – Serbiya, Ukrayna – Belarus təmsilçiləri bir-biri ilə qarşılaşa bilməz.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM