Hərbi-idman oyununun finalında Naxçıvanın təmsil edəcək komanda bəlli olub.
NTV xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Təhsil nazirliklərinin “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası ilə birgə təşkilatçılığı əsasında “Sərhəd” hərbi-idman oyunu üzrə ölkə birinciliyinin Naxçıvan Muxtar Respublikası üzrə final mərhələsi reallaşıb.
Tədbirdə çıxış edənlər “Sərhəd” hərbi-idman oyununun gənclərin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rolundan bəhs edib, komandalara uğurlar arzulayıblar.
Sonra mübarizəyə start verilib. Oyunda komandalar sıra hazırlığı, süni nəzarət zolağının yaradılması, kəndirin dartılması, sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili, avtomatın natamam sökülüb yığılması və digər mərhələlər üzrə qüvvələrini sınayıblar. Qiymətləndirməyə əsasən ən yüksək göstərici Babək rayon Nehrəm qəsəbə 2 nömrəli tam orta məktəbinə məxsus olub. Bununla da komanda muxtar respublika birincisi kimi ölkə üzrə final mərhələsində iştirak etmək hüququ qazanıb. Naxçıvan şəhər 13 nömrəli tam orta məktəbi ikinci, Ordubad şəhər internat məktəbi isə üçüncü olub. İlk üçlükdəki komandalara fəxri fərman təqdim olunub.
Qeyd edək ki, muxtar respublika finalından öncə aprel ayının əvvəlindən etibarən bölgələrdə seçim mərhələri təşkil olunub. Bakı şəhərində keçiriləcək ölkə birinciyinin finalı isə may ayına nəzərdə tutulub.
