Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun direktor vəzifəsini icra edən professor Səyyarə İbadullayeva və aparıcı elmi işçi biologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Məmmədovanın həmmüəllif olduqları “Azərbaycan üçün yeni olan üç qaraciyərotu taksonu” (Three liverwort taxa new to Azerbaijan) adlı elmi məqalə Bangladesh Journal of Plant Taxonomy jurnalında dərc olunub. Jurnal beynəlxalq elmi bazalarda indekslənir və Q2 kvartilinə daxildir.
Bu barədə NTV-yə Botanika İnstitutundan məlumat verilib.
Zaqatala, Şabran və Astara rayonlarında aparılmış tədqiqatlar zamanı qaraciyərotu mamırlarına aid “Scapania calcicola”, “Barbilophozia hatcheri” və “Porella cordaeana” növləri ölkənin briofit florası üçün ilk dəfə qeydə alınıb. Məqalədə yeni qeydə alınmış növlərin morfoloji əlamətləri, coğrafi yayılması, ekoloji xüsusiyyətləri, illüstrasiyaları və onlara morfoloji cəhətdən oxşar növlərlə müqayisəli təhlili təqdim olunub. Aparılan morfoloji araşdırmalar və beynəlxalq taksonomik mənbələrlə müqayisələr nəticəsində bu növlərin Azərbaycan briofit florası üçün yeni olduğu təsdiq edilib.
