Dövlət İmtahan Mərkəzi (DİM) imtahan iştirakçılarını qanunvericiliyin tələblərinə və imtahan qaydalarına ciddi əməl etməyə çağırıb. Qeyd olunub ki, bəzi hallarda abituriyentlər qanunsuz yollarla imtahandan müsbət nəticə əldə etməyə cəhd göstərirlər. Hər bir imtahanın nəticələri elan olunarkən qayda pozuntuları barədə ictimaiyyətə məlumat verilir, imtahandan xaric olunan şəxslərin nəticələri isə ləğv edilir.
DİM-dən NTV-yə bildirilib ki, iyulun 2-də ali təhsil müəssisələrinin V ixtisas qrupu üzrə idman istiqamətinə aid qabiliyyət imtahanı zamanı bir nəfər başqa şəxsin yerinə imtahana daxil olmağa cəhd edib. Yoxlama zamanı həmin şəxsin əsl kimliyi müəyyən olunaraq imtahana buraxılmayıb. DİM vurğulayıb ki, belə hallarda imtahanda iştirak etməli olan şəxsin bütün imtahan nəticələri ləğv edilir və o, müsabiqədən kənarlaşdırılır. Başqasının yerinə imtahana girməyə cəhd edən şəxs də hüquqi məsuliyyət daşıyır. Bu cür hallara yol verənlər arasında bəzən ali təhsil müəssisələrinin aşağı kurs tələbələri də olur və nəticədə onlar təhsil aldıqları ali məktəbdən xaric edilə bilərlər.
Bildirilib ki, bəzi qayda pozuntuları hüquqi məsuliyyət yaradır. Belə hallardan biri imtahanda iştirak etməli olan şəxsin əvəzinə başqasının imtahan verməsi və ya buna cəhd göstərməsidir. Bu hərəkət tələbə qəbulu qaydalarına zidd olmaqla yanaşı, qanunvericiliklə də məsuliyyət yaradır.
Qeyd olunub ki, əvvəlki illərdə də analoji qayda pozuntuları ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq tədbirlər görülüb və məhkəmələr tərəfindən qanunauyğun qərarlar qəbul edilib.
DİM vətəndaşları ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu, eləcə də digər imtahanlarla bağlı qanunvericiliyin tələblərinə tam riayət etməyə çağırıb və bu sahədə qaydaları pozan şəxslərə qarşı ciddi tədbirlərin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb.
