Fransa Prezidenti Emmanuel Makron beşqat Olimpiya çempionu, cüdoçu Teddi Rinerin 2027-ci il prezident seçkilərində iştirak etmək qərarını alqışlayıb.
NTV xəbər verir ki, bu haqda Makron France 5 telekanalının “C à vous” proqramına müsahibəsində bildirib. Qeyd edib ki, Riner kimi tanınmış idmançının siyasi müzakirələrə öz ideya və baxışları ilə qoşulması ölkəyə fayda verə bilər.
37 yaşlı Riner namizədliyini sosial şəbəkələrdə yayımladığı video və “Le Parisien” qəzetinə müsahibəsi ilə elan edib. Özünü “nə sağçı, nə də solçu” namizəd kimi təqdim edən idmançı “İstədiyimiz Fransa” şüarı altında cəmiyyətdəki siyasi parçalanmanı aradan qaldırmağı və fransızları birləşdirməyi hədəflədiyini bildirib. O, namizədliyini sosial və iqtisadi problemlərlə əsaslandırıb.
Fransanın sabiq idman naziri Ameli Udea-Kastera da Rinerin birlik çağırışını müsbət qiymətləndirərək, onun ictimai müzakirələrə, xüsusilə idmanın cəmiyyətdəki roluna dair debatlara töhfə verəcəyinə ümid etdiyini bildirib.
Beşqat Olimpiya və 11 qat dünya çempionu olan Riner idman karyerasını davam etdirmək niyyətindədir. O, imkan yaranacağı təqdirdə 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarında iştirakını da istisna etməyib.
Qeyd edək ki, ikinci prezidentlik müddəti başa çatacaq Emmanuel Makron 2027-ci il seçkilərində yenidən namizəd ola bilməz.
