“Tesla” şirkəti sükan və pedalları olmayan “Cybercab” robotaksilərini 2026-cı ilin sonunadək müştərilərə çatdırmağı planlaşdırır. Lakin sürücünün müdaxiləsi olmadan hərəkəti təmin edən “Full Self-Driving” (FSD) proqramının müştəri avtomobillərində istifadəyə verilməsi 2027-ci ilin ikinci rübünə nəzərdə tutulub.
NTV “Electrek” nəşrinə istinadla xəbər verir ki, bu fərq avtomobillərin proqram təminatı hazır olanadək necə istifadə ediləcəyi ilə bağlı suallar yaradır.
Şirkətin mühəndislik üzrə vitse-prezidenti Lars Moravi bildirib ki, Texasda istehsal olunan “Cybercab” avtomobilləri hazırda əsasən “Tesla”nın öz robotaksi parkına yönəldilir. Şirkət gələcəkdə bu avtomobilləri müştərilərə təqdim etməklə onların çatdırılması, sahibliyi və parkın idarə olunması sahəsində təcrübəsini genişləndirməyi planlaşdırır. İlon Mask isə “Cybercab”ların əsasən şirkətin özünə məxsus nəqliyyat xidməti vasitələri kimi fəaliyyət göstərəcəyini bildirib.
“Electrek”in yazdığına görə, FSD proqramının yalnız 2027-ci ilin ikinci rübündə istifadəyə verilməsi ilin sonunadək avtomobilləri əldə edəcək müştərilərin onlardan necə istifadə edəcəyi məsələsini açıq saxlayır. Nəşr avtomobillərin yalnız “Tesla”nın robotaksi xidmətinin fəaliyyət göstərdiyi ərazilərdə istifadə olunması ehtimalını da qeyd edir. Hazırda xidmət ABŞ-nin iki ştatında, altı şəhərin məhdud ərazilərində fəaliyyət göstərir.
