Noyabrın 23-dən 27-dək Azərbaycanın dəmir yolu sektorunu təmsil edən 15-dək nümayəndənin Almaniyanın Bavariya vilayətinə səfəri nəzərdə tutulur.
NTV xəbər verir ki, bu barədə Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) məlumat yayıb.
Səfərin məqsədi Almaniyanın texnologiyaları ilə tanış olmaq, eləcə də Azərbaycanın dəmir yolu sektorunun rəhbər şəxsləri ilə Bavariya şirkətləri arasında birbaşa əlaqələr yaratmaqdır.
Proqram dəmir yolu infrastrukturu və onun modernləşdirilməsi sahəsində fəaliyyət göstərən qərar qəbuledicilər, satınalma üzrə mütəxəssislər, alıcılar, idxalçılar və şirkət nümayəndələri üçün nəzərdə tutulub.
Səfər çərçivəsində dəmir yolu infrastrukturu və hərəkət heyəti, rəqəmsal nəqliyyat və texniki xidmət sistemləri, işarəvermə, təhlükəsizlik və avtomatlaşdırma, elektrifikasiya və enerji təchizatı, mühəndislik və layihələrin idarə olunması, həmçinin şəhər və regional dəmir yolu nəqliyyatının inkişafı kimi istiqamətlərə diqqət yetiriləcək.
Nümayəndə heyətinin üzvləri Bavariya şirkətlərinin fəaliyyəti və nümunəvi layihələri ilə tanış olacaq, texnologiya təqdimatlarında iştirak edəcək, satınalma ehtiyaclarını və potensial əməkdaşlıq imkanlarını müzakirə edəcəklər.
Noyabrın 24-də Nürnberq şəhərində şirkət təqdimatları, işgüzar əlaqələrin qurulması və fərdi biznes görüşlərini əhatə edən B2B uyğunlaşdırma tədbiri keçiriləcək.
Qeyd edək ki, nümayəndə heyətinin səfəri Bavariyanın İqtisadiyyat, Regional İnkişaf və Energetika Nazirliyinin təşəbbüsü və maliyyə dəstəyi ilə həyata keçirilən “Bayern – Fit for Partnership” proqramı çərçivəsində təşkil olunur. Səfərin əlaqələndirilməsi “Bayern International” tərəfindən həyata keçirilir, proqram isə “AHK Azərbaycan” ilə əməkdaşlıq çərçivəsində “COMMIT Project Partners GmbH” tərəfindən icra olunur.
