Böyük Britaniya, Almaniya və Fransadan olan hərbi kontingentlər "Könüllülər koalisiyası" təlimlərində iştirak etmək üçün Polşaya gələcək.
NTV Polşanın "Defence24" portalına istinadla verdiyi məlumata görə, Britaniyanın "The Times" qəzeti noyabr ayında keçiriləcək təlimlərdə Avropanın bir neçə ölkəsindən, əsasən Böyük Britaniyadan ən azı 1500 hərbçinin iştirak edəcəyini yazıb.
Manevrlərin əsas məqsədi atəşkəs razılaşması əldə olunacağı təqdirdə Ukraynada vəziyyəti sabitləşdirmək üçün nəzərdə tutulan potensial missiyaya Britaniya, Almaniya və Fransa qoşunlarını hazırlamaqdır.
Təşkilatçıların bildirdiyinə görə, təlimlər çoxmillətli əməliyyatlarda kadrların sürətli dislokasiyası imkanlarını, logistikanı və komandanlığın koordinasiyasını sınaqdan keçirəcək. Məqsəd həmçinin müxtəlif ölkələrin hərbi bölmələri arasında qarşılıqlı fəaliyyəti və əməkdaşlığı gücləndirməkdir.
Qeyd olunur ki, manevrlər "Könüllülər koalisiyası"nın fəaliyyəti çərçivəsində əlaqələndirilir.
Xatırladaq ki, "Könüllülər koalisiyası" ümumilikdə 30-dan çox ölkəni birləşdirən beynəlxalq ittifaqdır. Koalisiya 2025-ci ilin martında Ukraynaya uzunmüddətli hərbi və strateji dəstək vermək məqsədilə yaradılıb.
