satellite   Azerspace-1: 11135 H 30000

Tiqrayda döyüşlərin yenidən başlamasından sonra yüzlərlə insan Efiopiyadan Sudana qaçır

Tiqrayda döyüşlərin yenidən başlamasından sonra yüzlərlə insan Efiopiyadan Sudana qaçır

Ötən həftəsonu Efiopiya ordusu ilə regional qüvvələr arasında döyüşlərin yenidən başlamasından sonra ölkənin Tiqray bölgəsindən yüzlərlə sakin qonşu Sudan ərazisinə keçib. NTV xarici mediaya istinadla xəbər verir ki, dörd il əvvəl bu bölgədə vətəndaş müharibəsi başa çatandan bəri baş vermiş ən ciddi toqquşmalardan biri şənbə günü Sudan sərhədi yaxınlığındakı Şerer şəhərində qeydə alınıb və burada şiddətli döyüşlər başlayıb.

Tiqray Xalq Azadlıq Cəbhəsinin (TXAC) üzvlərindən biri bildirib ki, bazar gününədək davam edən döyüşlər zamanı ağır artilleriyadan və pilotsuz uçuş aparatlarından istifadə olunub.

Efiopiyanın şimalında TXAC ilə federal hökumət arasında iki il davam edən və yüz minlərlə insanın həyatına son qoyan vətəndaş müharibəsi 2022-ci ildə Afrika İttifaqının vasitəçiliyi ilə imzalanmış sülh sazişi ilə başa çatıb.

Bununla belə, sülh sazişinin bütün müddəalarının tam yerinə yetirilməməsi və münaqişənin nizamlanması çərçivəsində yaradılmış müvəqqəti administrasiyanın regiondan uzaqlaşdırılmasından sonra TXAC-ın Tiqray üzərində nəzarəti yenidən ələ keçirməsi fonunda genişmiqyaslı münaqişənin yenidən alovlanacağı ilə bağlı narahatlıqlar qalmaqdadır. Bundan başqa, döyüşlərin Sudan vətəndaş müharibəsi çərçivəsində proksi münaqişəyə çevrilə biləcəyi ehtimalı var. Belə ki, Sudanda qarşıdurmada iştirak edən tərəflərin Efiopiyada müxalif düşərgələri dəstəklədikləri barədə ittihamlar səsləndirilir.

Federal hökumət və federal ordu hələlik rəsmi bəyanatla çıxış etməsə də, nazir Abraham Belay toqquşmaların baş verdiyini təsdiqləyib.

O, sosial şəbəkədə paylaşdığı açıqlamada döyüşlərin başlanmasına görə TXAC-ı günahlandırıb və münaqişə davam edəcəyi təqdirdə bunun “daha ağır nəticələrə” səbəb olacağı barədə xəbərdarlıq edib. Nazir dialoqa çağıraraq bildirib ki, fikir ayrılıqları müharibə ilə deyil, dinc danışıqlar yolu ilə həll edilməlidir. “Bu gün dağıntıya deyil, sülhə can atmaq daha doğru yoldur”, – deyə o yazıb.

Ötən həftəsonu baş vermiş döyüşlər nəticəsində həlak olanların sayı hələlik məlum deyil. Bununla belə, Sudan mənbələri dinc sakinlərin və yaralanmış silahlıların sərhədi keçərək bu ölkəyə sığındığını bildirir. Hadisələrin şahidləri isə şənbə günü güclü partlayış və intensiv atəş səsləri eşitdiklərini deyirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM