Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı müdafiənin effektivliyini artırmaq üçün bir sıra sistemli dəyişikliklər hazırlayır.
NTV xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz "Telegram" kanalında bildirib.
"Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı, digər məsələlərlə yanaşı, cəbhənin ön xəttindəki vəziyyəti daha dəqiq qiymətləndirməyə, dəyişikliklərə daha çevik reaksiya verməyə və briqadaların Rusiyanın hücum aktivliyinə effektiv cavab verməsi üçün daha çox imkanlar təmin etməyə şərait yaradacaq bir sıra sistemli dəyişikliklər hazırlayır", - o yazıb.
V.Zelenski həmçinin bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Mixail Drapatı, Baş Qərargah rəisi İqor Skibyuk, müdafiə nazirinin səlahiyyətlərini icra edən Yevgeni Xmara və Prezident Ofisi rəhbərinin müavini Pavel Palisa ona cəbhədəki vəziyyət, Rusiyanın ballistik raketlərdən istifadə taktikası və Ukraynanın bu təhdidlərə qarşı mübarizə imkanları barədə məruzə ediblər.
Müşavirənin yekunlarına əsasən, ölkənin müdafiəsini gücləndirməli olan zəruri qərarlar, texnoloji addımlar və tədbirlər müəyyən edilib.
Bundan əlavə, V.Zelenski Mixail Drapatıya Avropa ölkələrinin hərbi rəhbərliyi ilə qarşılıqlı fəaliyyəti fəallaşdırmağı tapşırıb.
