Fransanın Baş naziri Sebastyən Lökornü narkotik testlərinin nəticəsində bir neçə nazirlik əməkdaşının vəzifəsindən kənarlaşdırıldığını açıqlayıb.
NTV xəbər verir ki, o, bu barədə „Paris Match“ jurnalına müsahibəsində bildirib.
O deyib ki, qərarın məqsədi yalnız dövlət idarəçiliyində nümunəvi davranışı təmin etmək deyil, həm də dövlət qurumlarının təhlükəsizliyini qorumaqdır. Onun sözlərinə görə, narkotik istifadəsi vəzifəli şəxsləri təzyiq qrupları, cinayətkar şəbəkələr və xarici müdaxilə cəhdləri qarşısında həssas vəziyyətə sala bilər.
Sebastyən Lökornü vurğulayıb ki, narkotik istifadəsi cəmiyyətin bütün təbəqələrinə aiddir və təxminən bir milyon nəfəri əhatə edir. O diqqətə çatdırıb ki, bir tərəfdən şəhər məhəllələrində 16 yaşlı gənclərin qətlini pisləmək, digər tərəfdən isə imkanlı dairələrdə narkotik istifadəsinə göz yummaq olmaz.
Baş nazir təsadüfi narkotik testlərinin davam etdiriləcəyini və gələcəkdə bu tədbirlərin daha da genişləndirə biləcəyini deyib.
İyunun 16-da imzaladığı göstərişlə Lökornü nazirlərdən kabinet üzvləri üçün xəbərdarlıq edilmədən və məcburi qaydada tüpürcək nümunəsi əsasında narkotik testlərinin keçirilməsini tələb edib. Bu qayda nazirlərin özlərinə də şamil olunur.
Sənədə əsasən, narkotik istifadəsi təkcə şəxsin sağlamlığı və dövlət xidmətinin fəaliyyətinə mənfi təsir göstərmir, həm də həmin şəxsi cinayətkar qrupların və ya xarici təsir cəhdlərinin hədəfinə çevirə biləcək təhlükəsizlik riski yaradır. Müsbət nəticə və ya testdən imtina hallarında intizam tədbirlərinin görülməsi nəzərdə tutulur.
Bununla yanaşı, bildirilib ki, testin nəticələri müsbət çıxan şəxslərin adları ictimaiyyətə açıqlanmayacaq.
Bu təşəbbüs parlamentdə də müzakirə olunur. Deputat Fransua Jolive Milli Assambleya üzvlərinin və onların köməkçilərinin də eyni qaydada narkotik testindən keçirilməsini təklif edib.
