Çinin ən yeni raket modeli olan "Uzun yürüş 10B" ölkənin orbital missiyadan sonra geri qayıdan ilk daşıyıcı raketi olub.
NTV xəbər verir ki, iyulun 10-da yerli vaxtla saat 12:15-də (Bakı vaxtı ilə 8:15) "Uzun yürüş 10B" raketinin Haynan adasındakı Vençan məntəqəsindən buraxılışı baş tutub. Hündürlüyü 63,5 metr olan raketin birinci və ikinci mərhələləri buraxılışdan təxminən 2 dəqiqə ayrılıb. Onun birinci mərhələsi geri qayıdıb və dəniz platformasına enib. Beləliklə, Çinin təkrar istifadə edilə bilən raket texnologiyasında böyük bir irəliləyiş baş verib. “Uzun yürüş 10B” raketinin ilk uçuşu Çini ABŞ-dən sonra etibarlı raket təkrar istifadə texnologiyasına sahib olan ikinci ölkə edib.
Çin Aerokosmik Elm və Texnologiya Korporasiyasının Pekində yerləşən törəmə şirkəti tərəfindən hazırlanan raket “Uzun yürüş 10” seriyasının üçüncüsüdür. “Uzun yürüş 10B” birinci mərhələdə maye oksigen və kerosin, ikinci mərhələdə isə maye oksigen-metan yanacağından istifadə edib.
