Böyük Britaniyada iyun ayında müşahidə olunan isti hava dalğası fonunda xəstəxanaların təcili yardım şöbələrinə müraciətlərin sayı rekord səviyyəyə yüksəlib.
NTV The Independent”ə istinadla xəbər verir ki, Milli Səhiyyə Xidmətinin açıqladığı məlumata görə, iyun ayında hər gün orta hesabla 81 min 264 nəfər təcili yardım şöbələrinə müraciət edib. Bu, iyun ayı üzrə indiyədək qeydə alınan ən yüksək gündəlik göstəricidir.
Rekord müraciətlər iyunun 26-da İngiltərənin Norfolk qraflığındakı Linqvud yaşayış məntəqəsində havanın temperaturunun 37,7 dərəcəyədək yüksəlməsi və ölkə üzrə qırmızı səviyyəli isti hava sağlamlıq xəbərdarlıqlarının elan edilməsi ilə eyni dövrə təsadüf edib.
Milli Səhiyyə Xidmətinin milli tibbi direktoru professor Frenki Svords bildirib ki, yay ayları artıq səhiyyə sistemi üçün qış mövsümü qədər ciddi yük yaradır. Bildirilib ki, isti hava dalğası və eyni zamanda keçirilən idman tədbirləri, o cümlədən futbol üzrə dünya çempionatı, səhiyyə xidmətlərinə tələbatın artmasına təsir göstərən əsas amillərdən olub.
