Hörmüz boğazında sabitlik uzun sürmədi. ABŞ ötən gecə İranın hava hücumundan müdafiə sistemini, Körfəz sahilindəki hərbi obyektlərini, donanmasını və digər müdafiə sisteminə aid olan 80 hədəfi raket zərbəsinə tutub.
“Axios” agentliyinin məlumatına görə, Ankarada NATO-nun sammitində iştirak edən ABŞ Prezidenti Donald Tramp əvvəlcə müdafiə və maliyyə naziri ilə məsləhətləşəndən sonra İranın raket zərbələri ilə vurulması əmrini verib.
NTV xəbər verir ki, ABŞ İranı razılaşmanı pozmaqda və Hörmüz boğazından keçən 3 tankeri raket zərbəsi ilə vurmaqda ittiham edərək hərbi əməliyyat keçirib, bu da təbii olaraq dünya bazarında neft qiymətlərinə təsir göstərib. Körfəzdə baş verən hadisələrdən sonra “Brent” markalı neftin bir barelinin qiyməti 2 dollardan çox artaraq 76 dollara, “Light” neftinin qiyməti isə 3 faizdən çox bahalaşaraq 72 dollara yüksəlib. Qiymət artımı Azərbaycanın neftinə də təsirini göstərib və “Azeri Light” markalı neftin 1 barelinin qiyməti 2,64 faiz artaraq 75,66 dollar olub.
İranın cavab olaraq Bəhreyin və Küveytdə yerləşən ABŞ hərbi bazalarını raket atəşinə tutması vəziyyəti daha da gərginləşdirib.
Analitiklər neft qiymətlərinin gün ərzində daha da artacağını proqnozlaşdırırlar.
