BMT-nin Beynəlxalq Dənizçilik Təşkilatı (IMO) iyulun 6- da Somali sularında dəniz quldurları tərəfindən saxlanılan 44 dənizçinin təcili azad olunmasını tələb edib.
NTV təşkilatın məlumatına istinadla xəbər verir ki, dənizdə təhlükəsizliyin təmin edilməsi üçün çalışan tənzimləyici orqan son üç ayda Qırmızı dənizdə və Ədən körfəzində gəmilərə 24 basqın cəhdi, o cümlədən faktiki piratçılıq və silahlı quldurluq hadisəsi qeydə alıb ki, bu da gəmiçiliyə qarşı təhdidlərin həyəcanverici artımını göstərir.
IMO-nun baş katibi Arsenio Dominquezin sözlərinə görə, girov götürülən 44 dənizçi aprel və may aylarında baş verən ayrı-ayrı hadisələrdə hücuma məruz qalan üç gəmidə saxlanılır. O əlavə edib ki, onlar hazırda qida və su çatışmazlığı, zorakılıq təhlükəsi ilə üzləşirlər.
A. Dominquez bu həftə Londonda iclas keçirən IMO Şurasına etdiyi müraciətdə bildirib: “Bu hadisələr piratçılıq və silahlı quldurluğun dənizçilərə yaratdığı təhlükənin hələ də qaldığını, habelə sayıqlıq, əlaqələndirilmiş hərəkətlər üçün dəstək tələb edildiyini ciddi şəkildə xatırladır”.
Gəmilərə qarşı piratçılıq və silahlı soyğunçuluq hallarının artması ilə yanaşı, IMO hücum edənlərin getdikcə daha təhlükəli silahlardan istifadə etdiklərini və günahsız dənizçilərə qarşı zorakılığın artdığını bildirib. Təşkilatın məlumatına görə, qlobal miqyasda dənizdə piratçılıq və silahlı soyğunçuluq halları 2024-2025-ci illər arasında 17 faiz artaraq 146 hadisədən 171-ə çatıb.
2009-cu ildə Qərbi Hind okeanında və Ədən körfəzində yerləşən 22 sahil və ada dövləti, o cümlədən Somali və Cibuti IMO-nun davranış qaydalarını qəbul edib və müvafiq sənəd 2017-ci il Ciddə Düzəlişi ilə genişləndirilib. Ölkələr piratçılıq, dənizdə silahlı soyğunçuluq və digər transmilli cinayətlərlə mübarizə aparmaq üçün birgə işləmək öhdəliyi götürüb.
IMO Qırmızı dəniz layihəsi vasitəsilə Cibuti, Efiopiya, Somali, Sudan və Yəmənin dənizçilər üçün təhlükəsiz naviqasiyanı təmin etmək imkanlarını gücləndirmək istiqamətində də çalışır. Təşkilatın bu həftə Londonda keçirilən iclasının gündəliyində həyati əhəmiyyətli gəmiçilik yollarının qorunması ilə bağlı ayrıca bənd var. A. Dominquez saxlanılan dənizçilərin azad edilməsini təmin etmək üçün üzv dövlətlərdən dəstək istəyib.
