ABŞ-nin Avropadakı hərbi mövcudluğunun mümkün azaldılması Ankarada keçiriləcək NATO sammitinin əsas müzakirə mövzularından biri olacaq.
NTV xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Məlumata görə, Avropa müttəfiqləri və Kanada ABŞ Prezidenti Donald Tramp administrasiyasının qoşunların ixtisarı ilə bağlı planlarına aydınlıq gətirilməsinə çalışacaqlar.
Bildirilir ki, Pentaqon iyunda ABŞ-nin Avropadakı hərbi qüvvələrinin altı aylıq icmalına başlayıb. Bu çərçivədə alyansa ayrılan qüvvə və vasitələrin azaldılması, eləcə də Avropa ölkələrinin müdafiə sahəsində daha böyük məsuliyyət götürməsi imkanları qiymətləndirilir.
Agentliyin məlumatına görə, sammitdə Ukraynaya hərbi dəstəyin davam etdirilməsi də əsas mövzulardan biri olacaq. NATO-nun Baş katibi Mark Rutte alyansın Ukraynaya dəstəyi davam etdirməsinin vacibliyini vurğulayıb.
Bundan əlavə, sammit çərçivəsində ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarından sonrakı regional vəziyyətin də müzakirə ediləcəyi gözlənilir.
