satellite   Azerspace-1: 11135 H 30000

Kobaxidze: Özbəkistanla strateji tərəfdaşlıq regional ticarət axınlarını artıracaq

Kobaxidze: Özbəkistanla strateji tərəfdaşlıq regional ticarət axınlarını artıracaq

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Özbəkistanla imzalanan strateji tərəfdaşlıq haqqında birgə bəyannamənin iki ölkə arasında münasibətləri yeni səviyyəyə qaldıracağını, regional ticarət axınlarının artmasına və iqtisadi inteqrasiyanın güclənməsinə töhfə verəcəyini bildirib.

NTV-nin məlumatına görə, o bu fikirləri Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə keçirilən geniştərkibli görüş zamanı səsləndirib.

Baş nazir qeyd edib ki, Gürcüstan Özbəkistanı etibarlı tərəfdaş və dost ölkə hesab edir, iki ölkə arasında münasibətlər isə uzun illərdir, ardıcıl şəkildə inkişaf edir.

Kobaxidze Özbəkistan tərəfinə Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə göstərdiyi dəstəyə görə təşəkkür edib. O vurğulayıb ki, strateji tərəfdaşlıq haqqında sənəd siyasi, ticarət-iqtisadi, investisiya, elmi-texniki, mədəni və humanitar sahələrdə əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar yaradacaq.

Baş nazirin sözlərinə görə, iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi regional ticarət axınlarının artmasına, nəqliyyat dəhlizlərinin inkişafına və daha geniş iqtisadi inteqrasiyanın təşviqinə xidmət edəcək.

İrakli Kobaxidze, həmçinin Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə Özbəkistanın mühüm inkişaf yolu keçdiyini qeyd edib və onun liderliyi dövründə Gürcüstan-Özbəkistan münasibətlərinin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM