satellite   Azerspace-1: 11135 H 30000

Almaniyada “Avro-2024” ilə bağlı korrupsiya şübhəsi üzrə genişmiqyaslı əməliyyat keçirilib

Almaniyada “Avro-2024” ilə bağlı korrupsiya şübhəsi üzrə genişmiqyaslı əməliyyat keçirilib

Almaniyada təşkil olunmuş futbol üzrə sonuncu Avropa çempionatında (Avro-2024) korrupsiya şübhələri üzrə aparılan istintaq çərçivəsində turnirə ev sahibliyi etmiş şəhərlərin bələdiyyə qurumlarında və Almaniya Futbol İttifaqının (DFB) Frankfurt-Mayn şəhərindəki qərargahında axtarışlar aparılıb.

NTV yerli mediaya istinadla xəbər verir ki, Qelzenkirxen, Dortmund, Düsseldorf, Köln, Hamburq, Berlin, Frankfurt, Ştutqart və Münxen şəhərlərinin administrasiyalarında keçirilən əməliyyatlara ümumilikdə 150-dək polis əməkdaşı cəlb olunub.

İstintaqa əsasən, bir sıra şəhər administrasiyalarının əməkdaşlarına “Avro-2024”ün oyunları üçün minlərlə bilet güzəştli şərtlərlə təqdim olunub və onlardan müxtəlif məqsədlərlə istifadə edilib.

İstintaq 66 yaşlı Almaniya vətəndaşı və 46 yaşlı Fransa vətəndaşı barəsində aparılır. Onların “Avro-2024” ərəfəsində minlərlə oyuna bilet və hotel dəvətlərini imtiyazlı şəxslərə qanunsuz şəkildə təqdim edərək mümkün rüşvətxorluq hallarına yol verməsi ehtimal olunur. Bildirilir ki, Fransa vətəndaşı DFB ilə UEFA-nın birgə yaratdığı “Euro 2024 GmbH” şirkətində ev sahibi olan şəhərlərlə əlaqələrə cavabdeh olub. Qelsenkirxen bələdiyyəsinin 66 yaşlı keçmiş əməkdaşı isə Münxendə keçirilən İspaniya-Fransa yarımfinal oyununa səfər və hotel xərcləri də daxil olmaqla təxminən 2400 avro məbləğində vəsait əldə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM