Paytaxt Karakas və Venesuelanın digər bölgələrinin sakinləri zəlzələdən sonra axşam saatlarında ölkənin üzərindəki səmanın qırmızıya çevrildiyini görüblər.
NTV xəbər verir ki, bu barədə VTV televiziya kanalı iyulun 1-də məlumat verib.
Məlumatda deyilir: “Zəlzələdən sonra müşahidə edilən qırmızı rəngdə səma havadakı hissəciklərin yüksək konsentrasiyasından qaynaqlanan optik və meteoroloji bir fenomendir və bu, “releyev” səpələnməsi adlanır”.
Telekanalın məlumatına görə, seysmik aktivlikdən sonra toz, qum və kiçik qaya hissəcikləri atmosferə daxil olub. Bu hissəciklər Günəş işığının yolunu dəyişdirərək üfüqdə qırmızı və narıncı çalarların üstünlük təşkil etməsinə səbəb olub.
VTV qeyd etdiyi kimi, təsir güclü küləklər və ya atmosferdəki tozun, o cümlədən səhradan gələn tozun olması ilə güclənə bilər. Buna görə də, qeyri-adi səma rəngi bəzən səhvən yeni təbii hadisələrin xəbərçisi kimi qəbul edilir, baxmayaraq ki, bu, atmosferdəki fiziki proseslərlə izah olunur.
Venesuelada zəlzələ iyunun 24-də baş verib. Zəlzələnin episentri Valensiya şəhərindən 60 kilometr şimal-qərbdə və San Felipe şəhərindən 28 kilometr şimal-şərqdə yerləşirdi. Təbii fəlakətin gücü 7,5 bala çatıb. Zəlzələ 1900-cü ildən bəri ölkədə baş verən ən güclü yeraltı təkan olub. Son məlumatlara görə, 1943 nəfər həlak olub, 10500-dən çox insan yaralanıb.
