Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Partiya) xaricdə yaşayan türk vətəndaşlarının yaşadıqları ölkədə hərbi xidmətlərini başa vurduqları təqdirdə Türkiyədə hərbi xidmətdən azad edilməsini nəzərdə tutan “Hərbi xidmətə çağırış Qanunu”na dəyişikliklər etməyi planlaşdırır.
NTV “Hürriyet” qəzetinə istinadla xəbər verir ki, dəyişikliklər ikili vətəndaşlığı olan şəxslərin “axtarışda olan çağırışçılar” siyahısından çıxarılmasına imkan verəcək. Milli Müdafiə Nazirliyinə hansı ölkələrdən olan Türkiyə vətəndaşlarının bu qərara uyğun olacağını müəyyən etmək həvalə olunacaq.
Nəşr bildirir ki, bu qanunvericilik dəyişikliklərindən türk diasporunun təxminən 400 min üzvü faydalanacaq.
Mövcud qanuna görə, yaşadıqları ölkədə məcburi hərbi xidmətini başa vurmuş türk vətəndaşlarının Türkiyədə hərbi xidmətlərini yerinə yetirmədiyi halda onlar “hərbi xidmətdən yayınanlar” hesab olunurlar.
Bu şəxslərin Türkiyəyə daxil olmasına icazə verilmir, çünki onlar məhkəmə qarşısına çıxarılma riski ilə üzləşirlər. Yenidən hərbi xidmətə getmək istəməyən diaspor üzvlərinin Türkiyə vətəndaşlığından imtina etdiyi hallar olub.
AK Partiya hesab edir: “Təklif olunan dəyişikliklər diasporun Türkiyə ilə əlaqələrini qorumağı hədəfləyir və soydaşların vətənlərinə səfər etmələrinə mane olan əngəlləri aradan qaldıracaq”.
