İraqın Neft İxrac Edən Ölkələr Təşkilatını (OPEC) üzvlükdən çıxmaqla hədələdiyi bildirilir.
NTV “Bloomberg”ə istinadla xəbər verir ki, yüksək vəzifəli İraq rəsmisi OPEC-in ölkəsinə daha yüksək neft istehsalı kvotası ayırmayacağı təqdirdə, İraqın gələcəkdə Neft İxrac Edən Ölkələr Təşkilatından çıxmağı düşünəcəyini bildirib.
O deyib ki, rəsmi Bağdad İran müharibəsi zamanı satışlardakı itkinin yaratdığı maliyyə çətinliklərini kompensasiya etmək üçün neft istehsalını artırmaq niyyətindədir. Rəsmi vurğulayıb ki, İraq hələlik təşkilatda qalacaq.
Xatırladaq ki, Birləşmiş Ərəb Əmirlikləri Səudiyyə Ərəbistanı ilə istehsal məhdudiyyətlərinə dair illərlə davam edən gərginlikdən sonra mayın 1-dən etibarən OPEC-ə üzvlükdən və OPEC+ koalisiyasından çıxıb. 1960-cı il sentyabrın 14-də neft hasil edən ölkələrin təchizat siyasətini əlaqələndirmək üçün qurulan OPEC-in hazırda 11 üzvü var: Əlcəzair, Konqo, Ekvatorial Qvineya, Qabon, İran, İraq, Küveyt, Liviya, Nigeriya, Səudiyyə Ərəbistanı və Venesuela.
OPEC ölkələri qlobal neft ehtiyatlarının təxminən 80 faizinə sahibdirlər və qlobal miqyasda xam neft istehsalının təxminən 38 faizini həyata keçirir. OPEC-in qlobal neft ixracındakı payı isə 50 faizdən çoxdur.
