İngiltərədə yeni piylənmə diaqnozlarının sayı gənc yaş qruplarında sürətlə artır.
NTV BBC-yə istinadla xəbər verir ki, 2024-cü və 2025-ci illərdə 30 yaşlarında olan şəxslər arasında yeni piylənmə halları 2019-cu və 2020-ci illərlə müqayisədə təxminən 20 faiz artıb. 20 yaşlarında olanlar arasında isə bu göstərici 16 faiz yüksəlib.
Tədqiqat göstərir ki, artım gənclər arasında daha sürətli olsa da, piylənmə diaqnozu ən çox 40 və 50 yaşlarında qoyulur.
Mütəxəssislər bildirirlər ki, piylənmənin daha erkən yaşlarda müşahidə olunması narahatlıq doğurur. Belə ki, piylənmə şəkərli diabet, ürək-damar xəstəlikləri və xərçəng kimi ciddi xəstəliklərin yaranma riskini artırır.
Araşdırma, həmçinin etnik mənsubiyyət və sosial-iqtisadi vəziyyət baxımından da fərqləri üzə çıxarıb. Qeyri-ağdərili əhali arasında piylənmənin daha erkən yaşlarda inkişaf etməsi geniş yayılıb. Eyni zamanda, sosial-iqtisadi cəhətdən daha əlverişsiz bölgələrdə yeni piylənmə hallarının artım tempi yüksək qeydə alınıb.
