ABŞ-İran qarşıdurması fonunda neftin qiymətinin yüksəlmə tendensiyasının davam edəcəyi gözlənilən idi. Tərəflərin kəskin bəyanatları və qarşılıqlı hədələri Körfəz probleminin yaxın zamanda həll olunacağını deməyə əsas vermir. Bu isə Hormüz boğazının bağlı qalması və qiymətlərin artan templə yüksəlməsini şərtləndirir.
NTV xəbər verir ki, bu gün London birjasında “Brent” markalı neftin 1 barelinin qiyməti 12,6 faiz artaraq 113 dollardan 126,3 dollara kimi artdı. WTI markalı neftin 1 barelinin qiyməti isə 10,5 faiz artaraq 96 dollardan 110,5 dollara kimi yüksəldi. Azərbaycanın “Azeri Light” markalı neftinin bir barelinin qiyməti isə 6,43 dollar və ya 5,55 faiz artaraq 122,32 dollar olub. Lakin birja treyderlərinin məlumatına görə, “Azeri Light”ın qiymətində də sıçrayış olacaq.
İran parlamentinin sədri Məhəmməd Qalibaf bildirib ki, ABŞ Hormüz boğazını blokadada saxlamaqla dünya bazarında neftin qiymətini süni sürətdə artıraraq külli miqdarda qazanc əldə edir. Onun fikrincə, blokadanın məqsədi də məhz budur və neftin qiyməti 140 dollara kimi yüksələcək.
“Axios” xəbər verir ki, bu gün ABŞ Silahlı Qüvvələrinin mərkəzi komandanlığının rəhbəri admiral Bred Kuper Prezident Donald Trampa Yaxın Şərqdəki hərbi əməliyyatların gələcək ssenarisi barədə məlumat verəcək. Bu xəbər mətbuata çıxdıqdan sonra London və Nyu-York birjalarında neftin qiyməti birdən-birə sıçrayışla artdı.
“Bloomberg” isə qeyd edib ki, Pentaqon Yaxın Şərqə “Dark Eagle” raketlərinin göndərilməsi barədə Ağ Ev qarşısında məsələ qaldırıb. Bundan başqa, Yaxın Şərqdəki ABŞ hərbi bazalarına uzaq mənzilləri vurmaq üçün digər raketlər də göndərilib.
“The Wall Street Journal” nəşrinin əldə etdiyi məlumata görə, ABŞ administrasiyası bütün ölkələrdəki səfirliklərə xüsusi məktub göndərərək dövlətləri İrana qarşı müharibəyə qoşulmağa məcbur etmək tapşırığı verib. Bunun nə qədər real olacağını zaman göstərəcək. Hələlik isə qarşılıqlı hədələr davam edir. İranın Ali Liderinin müşaviri Möhsün Rezayi Körfəz və ətrafındakı ABŞ gəmilərinin məhv edəcəklərini bəyan edib. ABŞ isə İrandan təslim olmağı tələb edir.
Ekspertlər müharibənin yenidən alovlanacağını və neftin qiymətinin artacağını proqnozlaşdırıblar.
