satellite   Azerspace-1: 11135 H 30000

BMT-nin Baş katibi: İqlim dəyişikliyinə adaptasiya həyati əhəmiyyətli məsələdir

BMT-nin Baş katibi: İqlim dəyişikliyinə adaptasiya həyati əhəmiyyətli məsələdir

BMT-nin Baş katibi Antonio Quterreş hökumətlərə qazıntı yanacaqlarından təmiz enerjiyə keçidi sürətləndirmək çağırışını təkrarlayıb, silahlı münaqişələrin və iqlim dəyişikliyinin bəşəriyyət üçün görünməmiş çətinliklər yaratdığını vurğulayıb.

 

NTV BMT-nin məlumatına istinadla xəbər verir ki, təşkilatın rəhbəri Berlində açılan Petersberq İqlim Dialoqunun iştirakçılarına videomüraciətində Yaxın Şərqdəki münaqişənin bütöv bir nəsil üçün ən pis enerji böhranına səbəb olduğunu bildirib.

 

Antonio Quterreş qeyd edib: “Bu, məlum bir faktı sübut edir: qazıntı yanacaqları təkcə planetimizi məhv etmir, həm də iqtisadiyyatı girov saxlayır”.

 

Onun sözlərinə görə, ötən il bərpaolunan enerjiyə investisiya 2,2 trilyon dollara çatıb ki, bu da qazıntı yanacaqlarına qoyulan sərmayənin ikiqatıdır. Baş katib bərpaolunan enerjinin ən ucuz, sürətli və ən etibarlı yeni mənbə olduğunu və real enerji təhlükəsizliyinə yol açdığını vurğulayıb.

 

O, üç əsas fəaliyyət sahəsini qeyd edib. Birincisi, enerji böhranına iqlim fəlakətinin ı daha da pisləşməsindən əvvəl cavab vermək lazımdır. Quterreş xatırladıb ki, bəşəriyyət tarixdə ən isti 11 ili yaşayıb və əsas iqlim göstəriciləri kritik nöqtədədir.

 

İkincisi, enerji şəbəkəsinin, saxlama şəraitinin və müasir enerji sistemlərinin genişləndirilməsi də daxil olmaqla, hər bir evə təmiz enerji çatdıra bilən infrastruktur qurmaq lazımdır.

 

O, xüsusilə inkişaf etməkdə olan ölkələr üçün maliyyələşdirmənin səfərbər edilməsini üçüncü prioritet adlandırıb. BMT rəhbərinin sözlərinə görə, lazımi dəstək olmazsa, enerji keçidi daha yavaş, daha az ədalətli və daha az təhlükəsiz olacaq.

 

A. Quterreş qeyd edib ki, inkişaf etməkdə olan ölkələr üçün təmiz enerji layihələrinin maliyyələşdirilməsinin dəyəri inkişaf etmiş iqtisadiyyatlara nisbətən iki-üç dəfə yüksəkdir. Bir çox inkişaf etmiş ölkələr isə iqlim maliyyələşdirməsi öhdəliklərindən geri çəkilir.

 

Baş katib, həmçinin iqlim ədalətinə çağırış edərək, çoxtərəfli iqlim fondlarının doldurulmasının və inkişaf etməkdə olan ölkələri dəstəkləmək üçün 2035-ci ilə qədər hər il 1,3 trilyon dollar səfərbər edilməsinin vacibliyini vurğulayıb.

 

O, iqlim dəyişikliyinə adaptasiya məsələsinə xüsusi diqqət yetirərək, bunu “həyati əhəmiyyətli məsələ” adlandırıb. O qeyd edib ki, bu gün ən böyük itkiləri məhz iqlim böhranına ən az töhfə verən icmalar çəkir.

 

“Adaptasiya həyatları xilas edir, dolanışıq mənbələrini qoruyur və iqtisadiyyatları gücləndirir. Bu gün qoyulan hər bir dollar gələcək itkiləri kəskin şəkildə azalda bilər”, - deyə o vurğulayıb.

 

Petersberq İqlim Dialoqu tədbiri BMT-nin iqlim konfranslarından əvvəl danışıqları irəli aparmaq üçün Almaniya tərəfindən təşkil edilən illik beynəlxalq konfransdır. İki gün davam edən görüşdə təxminən 40 ölkədən nazirlər və yüksəksəviyyəli nümayəndələr iştirak edirlər.

 

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Katibliyinin məlumatına görə, müzakirələr Paris Sazişinin icrası, beynəlxalq iqlim maliyyəsi və geosiyasi dayanıqlılığa yönəlib.

 

BMT-nin növbəti iqlim konfransı - COP31 bu ilin noyabr ayında Türkiyənin Antalya şəhərində keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM