Dünya bazarındakı yanacaq çatışmazlığının yaratdığı böhran, özünü yalnız yanacaq doldurma məntəqələrinə benzin və dizelin qiymətinin artmasında göstərmir. Artıq böhran böyüyərək Avropanın aviasiya sektoruna təsir edir.
NTV xəbər verir ki, Londonun “Hitrou” və Böyük Britaniyanın digər hava limanlarında yanacaq böhranı səbəbindən artıq uçuşların ləğvinə başlanılıb. London birjasında təyyarələrdə istifadə edilən reaktiv yanacağın qiymətləri rekord həddə - metrik ton üçün 1900 dollara çatıb.
“Skybus” aviaşirkətinin aviayanacaq qiymətlərinə görə bir marşrutu dayandırması sərnişinlər üçün problem və əlavə xərclərə səbəb olub. Avropada sərnişinlər bir istiqamətdən digərinə birbaşa təyyarə reysinin olduğu halda uça bilmir və alternativ yollar axtararaq hava limanlarında 1 bəzən isə 2 və 3 transfer etməyə məcbur qalırlar.
“The Times” yazır ki, növbə Fransanın hava limanlarına çatıb. Böyük Britaniyadan sonra Fransa tələb və təklif arasında ən böyük kəsirə malikdir.
İqtisadçı-analitik Corc Şou bildirib ki, 6 aydan sonra Portuqaliyada, Macarıstanda, Danimarkada, İtaliya və Almaniyada, Fransa və İrlandiyada reaktiv yanacaq ehtiyatları tükənə bilər.
“Airlines for Europe” təşkilatının icraçı direktoru Riker Georgutsakou bildirib ki, Hörmüz boğazının bağlı qalması və buna səbəb olan hərbi əməliyyatların nə vaxt başa çatacağı məlum deyil. Yanacaq təminatı bir neçə həftə də yubansa narahatlıq yaranacaq.
Avropanın bir sıra aviaşirkətləri iyun və iyul aylarında uçuşların 10 faizini təxirə salmağı düşünür ki, bu da şirkətlərə ağır iqtisadi zərbə vurur və onların gəliri aşağı düşür. Bununla yanaşı, gəlirləri azalan şirkətin dövlətə ödədiyi vergi də azalır və büdcə kəsiri əmələ gəlir.
Bundan başqa, nəqliyyat xərclərinin artması istehlak mallarının qiymətinin artmasına, inflyasiyanın yüksəlməsinə, milli valyutanın məzənnəsinin aşağı düşməsinə səbəb olur. Göründüyü kimi Hörmüz boğazının qlobal iqtisadiyyata təsiri təkcə yanacağın qiymətinin artması ilə məhdudlaşmır. İctimai-siyasi həyatın bütün sahələrinə ciddi və mənfi təsir edir.
BMT daxil olmaqla digər beynəlxalq təşkilatların çağırışına, ayrı-ayrı dövlətlərin vasitəçilik cəhdlərinə, hətta ABŞ-ın hərbi istebleşmentinin yüksək rütbəlilərin və generalların müharibəyə etiraz edərək istefasına baxmayaraq razılığın əldə olunmasından söhbət getmir. Tərəflərin nə vaxt sülhə doğru addım atacağını zaman göstərəcək.
Hələlik hərbi əməliyyatlar davam edir və bunun nəticəsi kimi Avropada yaranan böhran addım-addım irəliləyir.
