Bu ilin I yarısında Maliyyə Nazirliyinin "e-müqavilə" altsistemində vasitəsilə ümumi məbləği 1 milyard manatdan çox olan 2 414 müqavilə bağlanıb.
NTV bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu müddət ərzində altsistemdə 872 satınalan təşkilat sistemdə qeydiyyatdan keçib, 1 487 təchizatçı isə platformaya uğurla qoşulub.
İstifadəçilər tərəfindən sistemdə imzalanmış müqavilələrin 45,43 %-i xidmətlərin göstərilməsi, 40,2 %-i malların satınalınması, 14,37 %-i isə işlərin görülməsi ilə bağlı olub.
Dövlət maliyyəsinin idarə edilməsi sahəsində səmərəliliyin və şəffaflığın artırılması istiqamətində həyata keçirilən islahatların tərkib hissəsi kimi, büdcə təşkilatları tərəfindən mal, iş və xidmətlərin satın alınması üzrə müqavilələrin hazırlanması, razılaşdırılması və icrasına nəzarət proseslərinin həyata keçirilməsi məqsədilə istifadəyə verilən "e-müqavilə" altsistemində cari ilin I yarısı üzrə yüksək istifadəçi aktivliyi qeydə alınıb.
Qeyd edək ki, "e-müqavilə" Azərbaycan Prezidentinin 26 yanvar 2026-cı il tarixli Fərmanı ilə Əsasnaməsi təsdiq edilmiş "Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin altsistemi kimi fəaliyyət göstərir. Bu altsistem cari ilin 10 aprel tarixindən istifadəyə verilib və "Dövlət satınalmaları haqqında" Qanuna uyğun olaraq, satınalma müqavilələrinin elektron formada hazırlanmasını, razılaşdırılmasını və imzalanmasını, bu müqavilələrin sistem üzərindən göndərilməsini və proseslərin vahid platformada izlənilməsini təmin edir.
