Bu gün Neftçala rayonu ərazisində, Kür çayının Xəzər dənizi ilə qovuşduğu hissədə nərəkimilər fəsiləsinə aid 50 min balıq körpəsi suya buraxılıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən NTV-yə bildirilib ki, yaxın vaxtlarda daha 150 min ədəd balığın təbii mühitə buraxılması planlaşdırılır.
Azərbaycanın su hövzələrində balıq ehtiyatlarının artırılması və biomüxtəlifliyin qorunması məqsədilə il ərzində ümumilikdə, 500 min ədəd körpə nərə cinsli, çəkisi 2–10 qram arası olan balıqların təbii mühitə buraxılması nəzərdə tutulur. Proqram çərçivəsində ilkin mərhələdə 200 min ədəd balığın dövlət-özəl tərəfdaşlığı sayəsində, 300 min ədəd balığın isə dövlətə məxsus “Xıllı Balıq” MMC tərəfindən təbii su hövzələrinə buraxılması nəzərdə tutulub.
Qeyd edək ki, nərə cinsindən olan 2 min balıq körpəsi 22 May – Beynəlxalq Bioloji Müxtəliflik Günü münasibətilə Neftçalada Xəzər dənizinə buraxılıb və bununla da balıq körpələrinin təbii su hövzəsinə buraxılması aksiyasına start verilib. Bu tədbirlərin əsas məqsədi nəsli kəsilməkdə olan nərə cinsli balıq ehtiyatlarının bərpasına, ekoloji tarazlığın qorunmasına və su hövzələrinin biomüxtəlifliyinin zənginləşdirilməsinə töhfə verməkdir.
