Azərbaycan qadını tarix boyu yalnız ailənin deyil, həm də cəmiyyətin mənəvi dayağı, maarif və tərəqqi yolunun öncüsü olmuşdur. Bu ənənə bu gün də davam edir; elm, təhsil və mədəniyyət sahəsində fəaliyyət göstərən ziyalı qadınlarımız milli dəyərlərimizin qorunması və inkişafına mühüm töhfələr verirlər.
Naxçıvan Dövlət Universitetinin professoru, tarixçi alim Sevinc Abbasova Azərbaycanda qadın maarifçiliyi ənənələrinin təbliğinə yönəlmiş əhəmiyyətli bir təşəbbüsün iştirakçısına çevrilmişdir. O, ölkəmizdə qadın mətbuatının başlanğıcı hesab olunan “İşıq” jurnalının redaksiya heyətinə üzv seçilmişdir.
Bu hadisə təkcə bir alim üçün deyil, bütövlükdə Naxçıvan elmi mühiti üçün də əlamətdardır. Çünki “İşıq” nəşri Azərbaycan qadınının maarifçilik ənənələrini, milli düşüncə tarixini və ictimai fəallığını yaşadan simvolik bir platforma kimi qəbul olunur.
Tarixi mənbələrə görə, 1911-ci ildə “İşıq” qəzetinin nömrələri Haşım bəy Vəzirovun “Səda” mətbəəsində çap olunmuş, 1912-ci ildən isə nəşr Bakı Şəhər Polis İdarəsinin mətbəəsində davam etdirilmişdir. “Kaspi” qəzeti həmin dövrdə yazırdı ki, Xədicə xanım Əlibəyovanın redaktorluğu ilə həftədə bir dəfə nəşr olunan “İşıq” qəzetinin ilk nömrəsi Bakıda çapdan çıxmış və bu maarifçi nəşr müsəlman qadınlarının və uşaqlarının tərbiyəsinə xidmət edən mühüm mətbuat orqanı kimi fəaliyyət göstərəcəkdir. Nəşr ilk sayında əsas məqsədini maarifçilik yolu ilə cəmiyyətin ümumi inkişafına töhfə vermək kimi müəyyənləşdirmişdi. Qəzetdə elm, ədəbiyyat, təbabət və hüquq sahələrinə dair yazılarla yanaşı, evdarlıq və uşaqların tərbiyəsi mövzularına da geniş yer verilirdi.
Sevinc Abbasovanın redaksiyaya tövsiyə etdiyi ilk yazı da məhz bu maarifçilik ənənələrinə həsr olunmuşdur. “Azərbaycan müəllimi” qəzetinin əməkdaşı Aytən Yusifovanın Naxçıvanda ilk qızlar məktəbinin yaradıcısı, muxtar respublikanın ilk əməkdar müəllimi Nazlı Nəcəfovanın anadan olmasının 135 illiyi münasibətilə hazırladığı “Maarif fədaisinin varisi ilə müsahibə” adlı məqalə bu istiqamətdə diqqətəlayiq nümunədir. Yazıda maarifçi qadının nəticəsi, Gənclər üçün Prezident mükafatı laureatı Cabbar Hüseynli ilə müsahibə təqdim olunur və böyük maarifçi qadının irsi yeni nəsillərə tanıdılır.
Bu cür təşəbbüslər göstərir ki, Azərbaycan qadınının maarifçilik yolu yalnız keçmişin xatirəsi deyil, bu gün də davam edən bir missiyadır. Elmə, sözə və ideyaya xidmət edən ziyalı qadınlarımız milli düşüncənin inkişafında mühüm rol oynamaqda davam edirlər.
Professor Sevinc Abbasovanın elmi və ictimai fəaliyyətində əldə etdiyi bu uğur həm də Naxçıvan ziyalı mühitinin ölkə miqyasında nüfuzunun artmasının bariz nümunəsidir.
Sevinc xanıma elmi və ictimai fəaliyyətində yeni uğurlar arzulayırıq. Çünki cəmiyyətə işıq saçan qadınlar həqiqətən də gələcəyi qururlar.
