Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev tərəfindən "Xoca Əhməd Yəsəvi" ordeni təqdim edilib.
NTV xəbər verir ki, təqdimat Astanada iki ölkə arasında yüksək səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası çərçivəsində baş tutub.
Prezident Ərdoğan mərasimdə etdiyi çıxışda Xoca Əhməd Yəsəvi adına təsis edilən sözügedən nüfuzlu ordenin ilk dəfə özünə təqdim edilməsindən böyük məmnunluq duyduğunu bildirib:
"Bu nişanı Türkiyə Cümhuriyyətinə və millətimizə yüksək bir iltifat olaraq görür və qəbul edirəm. Bu münasibətlə ölkələrimiz arasındakı qardaşlığın bugünkü səviyyəsinə çatmasında göstərdiyiniz liderlik üçün sizə, dəyərli qardaşıma təşəkkür edirəm. Rəbbim qardaşlığımızı və məhəbbətimizi daim etsin."
"Xoca Əhməd Yəsəvi" ordeni Qazaxıstan Prezidenti Tokayev tərəfindən 10 aprel 2026-cı ildə elan edilib. Bugünkü mərasimlə Prezident Ərdoğan "Xoca Əhməd Yəsəvi Nişanı" təqdim edilən ilk şəxs olub.
12:44
"Xoca Əhməd Yəsəvi" ordeni ilk dəfə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim ediləcək.
NTV Akordaya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada iki ölkə arasında yüksək səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasında bəyan edib.
K.Tokayevin sözlərinə görə, Ərdoğan iki ölkə əməkdaşlığının möhkəmləndirilməsinə böyük töhfə verir, həmçinin iki ölkənin ictimai-siyasi, sosial və mədəni-humanitar sahələrdə qarşılıqlı əlaqələrinin inkişafına fəal şəkildə kömək edir: "Bunu Qazaxıstan xalqı yüksək qiymətləndirir".
Qazaxıstan lideri bildirib ki, dövlət mükafatı alim və xadim Xoca Əhməd Yəsəvinin şərəfinə təsis edilib:
"Rəcəb Tayyib Ərdoğan, bu gün Qazaxıstan-Türkiyə əməkdaşlığının bu tarixi günündə biz ilk dəfə olaraq sizə bu yüksək mükafatı təntənəli şəkildə təqdim edəcəyik. Bu gün xüsusi mərasim keçiriləcək. Bu, Qazaxıstan xalqının sizə olan səmimi hörmətinin ifadəsi və qardaşlıq dostluğumuzun parlaq təzahürü olacaq".
