Serbiyanın mədəniyyət naziri Nikola Selakoviçin başçılıq etdiyi nümayəndə heyəti mayın 3-də Azərbaycana gələcək.
Bu barədə NTV-yə diplomatik mənbə məlumat verib.
Bildirilib ki, səfər Bakı ilə Belqrad arasında birbaşa aviareysin açılması ilə bağlıdır.
"Nazir mayın 3-də Bakıya gələcək, növbəti gün isə Azərbaycanın rəsmi şəxsləri ilə bir sıra ikitərəfli görüşlər keçirəcək", - mənbə qeyd edib.
Nümayəndə heyətinin tərkibinə Serbiyanın idman naziri Zoran Qayiç və təhsil naziri Deyan Vuk Stankoviç də daxil olacaq. Nümayəndə heyətini Serbiyanın 10-dan çox media nümayəndəsi müşayiət edəcək.
Xatırladaq ki, Selakoviç Azərbaycanla ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Serbiya tərəfindən həmsədridir.
Daha əvvəl verilən məlumata görə, Serbiyanın "Air Serbia" milli aviadaşıyıcısı 2026-cı il mayın 3-dən Belqrad-Bakı marşrutu üzrə birbaşa uçuşlara başlayacaq.
