Aprelin 1-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Baş naziri, Ulusal Birlik Partiyasının (UBP) Sədri Ünal Üstelin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
YAP-dan NTV-yə bildirilib ki, görüşdə xalqlarımız arasında əlaqələrin tarixi ənənələrə, ortaq dəyərlərə və dostluq prinsiplərinə əsaslandığı qeyd olunub, son illərdə iki ölkə arasında sıx təmasların və qarşılıqlı fəaliyyətin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Fəal siyasi dialoq fonunda iqtisadi, ticari, təhsil, turizm və humanitar sahələrdə əməkdaşlıq üçün geniş potensialın mövcud olduğu bildirilib.
ŞKTC-nin Türk Dövlətləri Təşkilatına müşahidəçi statusunda qəbul olunmasında Prezident İlham Əliyevin rolunun Şimali Kipr Türk xalqı tərəfindən yüksək qiymətləndirildiyi qeyd edilib. Türk dünyasında əməkdaşlığın dərinləşdirilməsinin önəmi vurğulanaraq, təşkilatın müasir beynəlxalq münasibətlərdə mövqeyinin gücləndirilməsinin strateji prioritet olduğu bildirilib.
Söhbət zamanı Türk dövlətlərinin hakim siyasi partiyaları arasında münasibətlərin genişləndirilməsinin də diqqət mərkəzində olduğu qeyd edilərək YAP-UBP əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Qarşılıqlı səfərlər çərçivəsində faydalı fikir və təcrübə mübadiləsinin önəmi diqqətə çatdırılaraq ortaq hədəflərin gerçəkləşdirilməsi istiqamətində bundan sonra da məqsədyönlü birgə fəaliyyətin davam etdiriləcəyinə əminlik ifadə olunub.
Görüşdə qarşılıqlı maraq doğuran digər bir sıra məsələlərə dair fikir mübadiləsi aparılıb.
