Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın 13-də Qlobal Bakı Forumunda iştirak məqsədilə Bakıda səfərdə olan BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rossbax ilə görüşüb.
NTV-yə XİN-ə istinadən verdiyi məlumata əsasən, görüş zamanı Azərbaycan ilə UN-Habitat arasında əməkdaşlıq məsələləri, dayanıqlı şəhərsalma, urbanizasiya proseslərinin idarə olunması, eləcə də şəhərlərin dayanıqlı inkişafı sahəsində tərəfdaşlığın perspektivləri müzakirə olunub.
Tərəflər qarşıdan gələn Ümumdünya Şəhərsalma Forumuna (WUF-13) hazırlıq işləri, bu çərçivədə planlar ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə post-münaqişə dövründə işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərinin, dağıdılmış şəhər və kəndlərin yenidən qurulmasının, müasir şəhərsalma prinsiplərinə əsaslanan yaşayış məntəqələrinin yaradılmasının ölkənin urbanizasiya sahəsində gördüyü işlərin əhəmiyyətli nümunəsi olduğu vurğulanıb.
