satellite   Azerspace-1: 11135 H 30000

Qırğız parlamentinin sədri ilə TÜRKPA Baş katibi əməkdaşlığı müzakirə ediblər

Qırğız parlamentinin sədri ilə TÜRKPA Baş katibi əməkdaşlığı müzakirə ediblər

Bişkek şəhərində Qırğız Respublikası Joqorku Keneşinin sədri Marlen Mamataliyev Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsəni qəbul edib və birgə əməkdaşlıq barədə müzakirələr aparıb.

Bu barədə NTV-yə  TÜRKPA-dan məlumat verilib.

Görüş zamanı Mamataliyev Qırğız Respublikasının yeni tərkibli Joqorku Keneşinin TÜRKPA çərçivəsində əməkdaşlığın ardıcıl davam etdirilməsinə, həmçinin əvvəlki razılaşmaların icrasına tam hazır olduğunu vurğulayıb.

Qırğızıstan parlamentinin sədri TÜRKPA-nın həyata keçirdiyi fəaliyyətlərdə bundan sonra da aktiv iştirak edəcəyini, qəbul edilmiş qərarların icrası üçün zəruri addımları atacağını bildirib. Mamataliyev TÜRKPA-nın qarşıdakı komissiya iclasları, eləcə də bu il Bişkek şəhərində keçiriləcək plenar sessiya ilə bağlı hazırlıqlar üçün artıq müvafiq təlimatların verildiyini diqqətə çatdırıb.

Ramil Həsən TÜRKPA-nın beynəlxalq müşahidə missiyasının Qazaxıstanda konstitusiya islahatlarına dair keçiriləcək referendumda iştirak edəcəyini və TÜRKPA nümayəndə heyətinin referendum prosesini Astana, Almatı və Türküstan şəhərlərində izləyəcəyini qeyd edib. Baş katib, Qazaxıstana səfər çərçivəsində Qazaxıstan Respublikası Parlamenti Senatının sədri Maulen Aşimbayev və Qazaxıstan Məclisinin sədri, eyni zamanda TÜRKPA-nın fəaliyyətdə olan sədri Yerlan Koşanov ilə keçiriləcək görüşlər barədə də məlumat verib.

Görüş zamanı Ramil Həsən TÜRKPA üzv dövlətlərinin parlament sədrlərinin ilk qeyri-rəsmi görüşünün aprelin 16-da Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində İstanbul şəhərində keçiriləcəyini və bu tədbirə hazırlıq mərhələsinin artıq başladıldığını qeyd edib. O, bu təşəbbüsü TÜRKPA üzv dövlətlərin parlamentləri arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə mühüm töhfə verəcək addım kimi qiymətləndirib. Ramil Həsən, həmçinin yaxın zamanda keçirilməsi planlaşdırılan TÜRKPA-nın İqtisadi əməkdaşlıq və Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyalarının iclasları barədə məlumat verib.

Bununla əlaqədar olaraq, Mamataliyev cari ilin aprel ayında Türkiyənin İstanbul şəhərində keçirilməsi planlaşdırılan parlament sədrlərinin qeyri-rəsmi görüşündə iştirak edəcəyini qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM