satellite   Azerspace-1: 11135 H 30000

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Türkiyənin Kocaeli şəhərində keçirilən “Türk Dünyası Gənclərinin Görüşü” davam edir.

NTV xəbər verir ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin koordinasiyası ilə “Ortaq miras, tək ürək” şüarı ilə təşkil olunan tədbirdə Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrdən, eləcə də türk icmalarından yüzlərlə universitet tələbəsi, rəqəmsal media nümayəndəsi və jurnalistlər iştirak edir.

Tədbirin ikinci günü Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin müavini, Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlu qonaqlarla görüşüb.

Zorlu burada etdiyi çıxışında Türk dünyasının birliyi, dünyanın hər bölgəsində yaşayan türkdilli xalqlar arasındakı birlik və həmrəyliyin əhəmiyyətinə, xüsusilə Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq bağlarına vurğu edib.

“Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq təkcə iki dövlət arasındakı münasibət deyil, ortaq tarixə, dilə, mədəniyyətə və sarsılmaz mənəvi bağlara söykənən böyük bir birlikdir. Bu qardaşlıq asan qazanılmayıb. Hər iki ölkə çətin sınaqlardan keçib, böyük bədəllər ödəyib və bütün bu proseslərdə bir-birinə dayaq olub. Məhz buna görə də Türkiyə-Azərbaycan münasibətləri qarşılıqlı etimadın, sədaqətin və həmrəyliyin nümunəsidir. Türkiyə və Azərbaycan yalnız bu günün deyil, gələcəyin də birgə qurucularıdır. Türk dünyasının birliyinin möhkəmləndirilməsi, iqtisadi və nəqliyyat əlaqələrinin genişləndirilməsi, ortaq ticarət dəhlizlərinin inkişafı hər iki ölkənin strateji məqsədləri sırasındadır. Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Zirvəsi də bu istiqamətdə mühüm qərarların qəbul edilməsi və əməkdaşlığın daha da gücləndirilməsi baxımından əhəmiyyətlidir”, - deyə Kürşad Zorlu vurğulayıb.

AK Parti sədrinin müavini əlavə edib ki, Naxçıvanla Azərbaycanın digər əraziləri arasında nəqliyyat əlaqələrinin inkişafı, dəmir yolu xətlərinin qurulması və regiondakı ticarət dəhlizlərinin bir-biri ilə inteqrasiyası yalnız iqtisadi layihələr deyil, həm də türk xalqlarını bir-birinə daha da yaxınlaşdıran strateji addımlardır: “Türkiyə ilə Azərbaycanın bu istiqamətdəki əməkdaşlığı Türk dünyasının bütövləşməsinə, regionda sabitliyin möhkəmlənməsinə və gələcək nəsillər üçün daha böyük imkanların yaranmasına xidmət edir. Türkiyə-Azərbaycan qardaşlığı bundan sonra da möhkəmlənərək davam edəcək. Çünki bizi birləşdirən yalnız ortaq keçmişimiz deyil, həm də ortaq gələcəyimizdir. Biz bir olduğumuzda, birlikdə hərəkət etdiyimizdə və ortaq hədəflərimizə kökləndiyimizdə qarşıdakı əsri Türk dünyasının əsrinə çevirə bilərik. Türkiyə və Azərbaycan qardaşlığı bu böyük gələcəyin ən möhkəm dayaqlarından biridir”.

Mərasimdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanov da iştirak edib.

Tədbir “Türk Dünyasının Gələcəyi: Gənclik, Mənsubiyyət və Ortaq Baxış”, “Türk Dünyasının Gələcək Baxışı: Gənclik, Əməkdaşlıq və Diplomatiya”, “Türk Dünyasında Ortaq Yaddaş: Ənənəvi Mediada Güc Birliyi”, “Rəqəmsal İpək Yolu: Sosial Mediada Gənclər və Qarşılıqlı Əlaqə” mövzularında panel iclaslarla davam etdirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM