Ceyhun Bayramov KƏŞ ilə Mərkəzi Asiya ölkələri arasında Strateji Dialoqda çıxış edib

Ceyhun Bayramov KƏŞ ilə Mərkəzi Asiya ölkələri arasında Strateji Dialoqda çıxış edib

Aprelin 15-də xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikasına işgüzar səfəri çərçivəsində Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ilə Mərkəzi Asiya ölkələri arasında Strateji Dialoqun ikinci nazirlər iclasında fəxri qonaq qismində iştirak və çıxış edib.

XİN-dən NUHÇIXAN-a verilən xəbərə görə, nazir Ceyhun Bayramov ökəmizin qardaş Mərkəzi Asiya ölkələri və KƏŞ ölkələri ilə ortaq tarixi və mədəni irsinin müxtəlif, o cümlədən siyasi, iqtisadi, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, nəqliyyat və s. istiqamətlər üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb.

Hazırkı qlobal transformasiya dövründə mövcud çağırışlarla mübarizə kontekstində regional əməkdaşlıq çərçivəsində KƏŞ-Mərkəzi Asiya Strateji Dialoq formatının əhəmiyyəti qeyd olunub.

Cari ildə ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri barədə məlumat verən nazir Ceyhun Bayramov, Qoşulmama Hərəkatına sədrliyimiz dövründə olduğu kimi "Qlobal Şimal" və "Qlobal Cənub" arasında əməkdaşlığın genişləndirilməsinin əsas prioritetlərimizdən biri olduğunu bildirib. COP29-un öz növbəsində bərpa olunan enerji potensialı yüksək olan Mərkəzi Asiya ilə texnoloji imkanları geniş KƏŞ ölkələrinin əməkdaşlığının inkişafı üçün fürsət ola biləcəyi diqqətə çatdırılıb.

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhlükəsi, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin gedişatı barədə ətraflı məlumat verən nazir Ceyhun Bayramov, Azərbaycanın bölgədə sülh və quruculuq istiqamətində səylərinə Ermənistan tərəfindən qarşılıq göstərilməsinin vacibliyini vurğulayıb.

Nazir Ceyhun Bayramov, həmçinin Ermənistanın 30 ilə yaxın işğalı dövründə ölkəmizin mövqeyini dəstəkləyən, habelə postmünaqişə dövründə aparılan quruculuq işləri və minatəmizləmə fəaliyyətinə töhfə verən bütün tərəfdaşlara təşəkkür ifadə edib.

Nazir həmçinin ölkəmizin Yaxın Şərqdə gedən prosesləri yaxından izlədiyini və gərginlik coğrafiyasının daha da genişlənməsi riskindən ciddi şəkildə narahatlığı diqqətə çatdırıb. Beynəlxalq hüquqa, regional dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətin əhəmiyyəti vurğulanıb.

Tədbirin yekununda strateji dialoq üzvlərinin birgə bəyanatı qəbul olunub.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM