NTV xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə və əməliyyat planlaşdırma işinin təşkili idarəsinin təşkilatçılığı ilə Naxçıvan Sağlamlıq Mərkəzində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda təlim keçirilib.
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin, Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin, Təcili Tibbi Yardım Xidmətinin və Naxçıvan Sağlamlıq Mərkəzinin müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd tibb müəssisəsinin kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı davranış qaydalarının aşılanması, şəxsi heyətin yanğın-xilasetmə əməliyyatları üzrə bilik və bacarıqlarının artırılması olub.
Əvvəlcə, təlimin nəzəri hissəsində FHN-in əməkdaşları tərəfindən xəstəxananın kollektivinə fövqəladə hallar, həmçinin yanğınlar zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verilib, bu barədə videoçarxlar nümayiş etdirilib.
Sonra təlimin praktiki hissəsinə start verilib. Belə ki, şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra FHN-in yanğın-xilasetmə bölmələri operativ qaydada hadisə yerinə çataraq xəstəxananın müvafiq personalı ilə əlaqəli şəkildə obyektin təxliyə planına uyğun insanların təhlükəsiz yerə təxliyəsini həyata keçirib, paralel olaraq “yanğınla mübarizə” tədbirləri yerinə yetirilib, habelə şərti xəsarət almış şəxslərə “ilkin yardım göstərilib”.
Təlim uğurla başa çatıb və qarşıya qoyulan məqsədlərə nail olunub.
Qeyd edək ki, bu cür tədbirlər Fövqəladə Hallar Nazirliyi tərəfindən mütəmadi olaraq təşkil olunur.
