Belçikanın paytaxtı Brüssel vərəm xəstəliyinin yayılmasına görə ölkə üzrə ən yüksək göstəricilərə malik region olaraq qalır.
NTV xəbər verir ki, yeni məlumatlara əsasən, burada yoluxma səviyyəsi milli orta göstəricidən təxminən üç dəfə çoxdur.
2024-cü ildə Belçikada ümumilikdə 950-dən çox yeni vərəm halı qeydə alınıb. Ölkə üzrə orta göstərici hər 100 min nəfərə 8,1 yoluxma təşkil etdiyi halda, Brüsseldə bu rəqəm 22,4-ə çatır.
Mütəxəssislər bildirirlər ki, yüksək göstəricilər əsasən iri şəhərlərdə, xüsusilə sosial cəhətdən həssas qruplar arasında müşahidə olunur. Əvvəlki illərin statistikası da Brüsseldə vərəmin digər regionlarla müqayisədə xeyli geniş yayıldığını təsdiqləyir. Buna baxmayaraq, Belçika ümumilikdə aşağı riskli ölkə hesab olunur. Lakin ekspertlər qlobal miqyasda maliyyələşmənin azalmasının gələcəkdə yoluxmaların artmasına səbəb ola biləcəyini vurğulayırlar.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, vərəm hələ də dünyada ən ölümcül yoluxucu xəstəliklərdən biri olaraq qalır.
