Muzeylər xalqımızın tarixini, mədəniyyətini, dövlətçilik ənənələrini, ədəbiyyatını və ictimai fikrini əks etdirməklə ölkəmizdə zəngin mədəni irsin qorunması və təbliğində mühüm rol oynayır. Bu gün respublikamızın bütün bölgələrini əhatə edən muzeylərimiz nadir sənət incilərinin və milli sərvətlərin nümayiş olunduğu geniş bir şəbəkəyə malikdir.
YUNESKO-nun Beynəlxalq Muzeylər Şurasının 1977-ci ildə qəbul etdiyi qərara əsasən, 18 may hər il bütün dünyada “Beynəlxalq Muzeylər Günü” kimi qeyd olunur. Bu bayram, adətən, xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına töhfə vermək şüarı ilə keçirilir. Bu günün qeyd olunmasında əsas məqsəd ictimaiyyətin diqqətini mədəni irsə cəlb etmək, xalqlar arasında mədəni əlaqələri və əməkdaşlığı gücləndirməkdir.
Azərbaycanın muzey işi sahəsində inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyət ölkəyə rəhbərliyinin hər iki dövründə tarixi-mədəni irsimizin qorunması, öyrənilməsi və təbliğini daim diqqət mərkəzində saxlamışdır. Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Bülbül, Səməd Vurğun, Niyazi və digər nəhəng sənətkarlarımızın memorial-xatirə muzeyləri, bölgələrdə yaradılan tarix-diyarşünaslıq muzeyləri məhz onun təşəbbüsü ilə fəaliyyətə başlamışdır. Ötən əsrin 70-ci illərindən etibarən respublikamızda muzey şəbəkəsinin inkişafı daha da sürətlənmiş və yüzdən çox muzey yaradılmışdır.
“Milli ənənələrimizin nə qədər dəyərli olduğunu dünyaya gələn yeni nəsillərə çatdırmaq və onları bu ənənələr əsasında tərbiyə etmək üçün muzeylər lazımdır” – deyən ümummilli liderin rəhbərliyi dövründə müstəqillik illərində də bu sahə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Muzey işçilərinin respublika müşavirəsi keçirilmiş, “Respublikada muzey işinin vəziyyəti və onun yaxşılaşdırılması haqqında” qərar qəbul edilmişdir. 2000-ci ildə qəbul edilən “Muzeylər haqqında” Azərbaycan Respublikasının Qanunu muzeylərin fəaliyyətinin təşkilati-hüquqi əsaslarını müəyyənləşdirərək bu sahədəki münasibətləri tənzimləyir.
“Xalqımızın ən qədim zamanlardan müasir dövrədək tarixini və mədəniyyətinin inkişaf yolunu əks etdirən Azərbaycan muzeyləri ölkəmizdə zəngin mədəni irsin qorunması və təbliğ olunmasında mühüm rol oynayır”, – deyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də bu sahəyə xüsusi diqqət göstərir. Ölkəmizdə fəaliyyət göstərən 200-dən çox muzey bu siyasətin bariz nümunəsidir. Prezidentin 2007-ci il 6 mart və 2009-cu il 22 may tarixli sərəncamları ilə təsdiq olunmuş tədbirlər planı muzeylərin müasir standartlara uyğun şəkildə təmiri, yeni avadanlıq və eksponatlarla təchizatı, beynəlxalq əlaqələrin genişlənməsi üçün hüquqi baza formalaşdırmışdır.
Muzeylərin təmir-bərpası, texniki imkanlarının yaxşılaşdırılması və yeni muzey mərkəzlərinin yaradılması Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsləri nəticəsində böyük vüsət almışdır. İşğaldan azad olunmuş Qarabağda da digər infrastrukturla yanaşı, ölkəmizin mədəni-siyasi həyatında iz qoymuş şəxsiyyətlərin xatirə muzeylərinin yaradılması prioritetlərdən biridir.
Muxtar respublikamızda da muzey işi qədim ənənəyə söykənir. 1896-cı ildə Cəlil Məmmədquluzadə Nehrəm kənd məktəbində muzey yaratmaq təşəbbüsü ilə Xalq Məktəbləri İdarəsinə müraciət etmiş və burada Naxçıvanın tarixinə dair maddi-mədəniyyət nümunələrinin toplandığı ilk kənd muzeyi fəaliyyətə başlamışdır.
Müstəqillik illərində muxtar respublikada da muzeylərin fəaliyyəti genişlənmiş, yenilərinin yaradılması istiqamətində mühüm işlər görülmüşdür. Ümummilli lider Heydər Əliyevin şəxsən iştirakı ilə Bəhruz Kəngərli Muzeyi və Cəlil Məmmədquluzadənin Ev Muzeyi açılmış, onun adını daşıyan ilk muzey məhz Naxçıvanda yaradılmışdır.
Dövlət başçısının regionlarda muzeylərin müasirləşdirilməsi istiqamətindəki qərarları nəticəsində son illərdə Bəhruz Kəngərli Muzeyi əsaslı şəkildə yenidən qurulmuş, “Gəmiqaya” Tarix-Bədii Qoruğu və Muzeyi üçün bina istifadəyə verilmiş, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Məmməd Arazın Ev Muzeyi, Dövlət Bayrağı Meydanı və Muzeyi, Xatirə Muzeyi, Cəlil Məmmədquluzadənin Cəlilkənddəki Xatirə Muzeyi, Məhəmməd Tağı Sidqinin Ev Muzeyi və Əlincə qaladakı muzey yaradılmışdır. 2023-cü il 10 may tarixli qərarla Heydər Əliyev Muzeyinə “muxtar respublika” statusu verilmişdir.
Hazırda muxtar respublikada 1 rəsm qalereyası və 29 müxtəlif profilli muzey fəaliyyət göstərir. Bu muzeylərdə xalqımızın tarixini, həyat tərzini və adət-ənənələrini əks etdirən 128 minə yaxın eksponat toplanmışdır. Muzey fondlarının zənginləşdirilməsi diqqət mərkəzində saxlanılır. Təkcə bu ilin ilk dörd ayında muzeylərimiz 115 minə yaxın ziyarətçi qəbul etmişdir. Əhalinin muzeylərə marağını artıran amillərdən biri də qədim maddi-mədəniyyət nümunələrinin şəxsi kolleksiyalardan muzeylərə bağışlanması, incəsənət xadimlərinin öz əsərlərini muzey fondlarına hədiyyə etməsidir.
Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyi ilə əlamətdar olan bu il, muxtar diyarın muzey tarixində də önəmli mərhələdir. 100 illik tarixi olan Naxçıvan Dövlət Tarix Muzeyi bu müddət ərzində ölkə və region tarixinin qorunub saxlanmasında əvəzsiz rol oynamış, yeni muzeylərin yaradılmasına da töhfə vermişdir.
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda mədəniyyət sahəsində qarşıya qoyulan vəzifələr muzeylərimizi də əhatə edir. Proqram çərçivəsində muzeylərin maddi-texniki təminatı təkmilləşdiriləcək, yeni və müasir Muzey Mərkəzi yaradılacaq. Prezidentin “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması ilə bağlı sərəncamı isə bu rayondakı muzeylər üçün yeni inkişaf mərhələsinin başlanğıcıdır.
Qeyd edək ki, muxtar respublikadakı muzeylərdə tarix və mədəniyyətlə bağlı interaktiv dərslər, sərgilər, görüşlər, kitab təqdimatları, dəyirmi masalar keçirilir. Uşaq və gənclərin muzeylərlə əlaqələrinin gücləndirilməsi üçün müxtəlif layihələr icra olunur.
Muxtar respublikadakı muzey işçilərinin əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmiş, onlar fəxri adlara və medallara layiq görülmüşdür.
Tarixi dəyərlərimizi sevən, tanıyan və təbliğ edən yeni nəslin yetişdirilməsində muzeylərin üzərinə böyük məsuliyyət düşür. Onlar təkcə keçmişin izini qorumaqla kifayətlənməməli, həm də gələcəyin ruhunu milli kimliklə yoğurmalı, uşaqların və gənclərin mənəvi formalaşmasına töhfə verməlidirlər.
Məmməd Hüseynli
Naxçıvan Muxtar Respublikası Mədəniyyət
Nazirliyi Mətbuat və ictimaiyyətlə əlaqələr
üzrə baş məsləhətçi
