Hazırda Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə qlobal irəliləyiş arzuolunan səviyyədə deyil. Hesabatlara əsasən, Dayanıqlı İnkişaf Məqsədlərinin cəmi 17 faizi üzrə hədəflərə nail olunması plan üzrə irəliləyir.
NTV xəbər verir ki, bu sözləri iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən 8-ci SDG Dialoqu: “Davamlı İnkişaf üçün İnnovativ Maliyyələşmə – Yardımdan və Ənənəvi Rəsmi İnkişaf Yardımından (ODA) kənar yanaşmalar” adlı sessiyada çıxışı zamanı deyib.
O bildirib ki, qalan 83 faiz üzrə irəliləyiş ya çox zəifdir, ya dayanıb, ya da geriləmə müşahidə olunur.
“Eyni zamanda, iqlim dəyişiklikləri, infrastruktur çatışmazlığı, su və enerji təhlükəsizliyi ilə bağlı problemlər, eləcə də sosial bərabərsizliklər həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələr üçün ciddi çağırışlar yaradır”, – deyə müşavir vurğulayıb.
H.Hüseynov qeyd edib ki, qlobal inkişaf problemlərinin həlli istiqamətində beynəlxalq əməkdaşlığın gücləndirilməsi və yeni maliyyələşdirmə mexanizmlərinin tətbiqi xüsusi əhəmiyyət daşıyır.
