Bu ilin yanvar-fevral aylarında Azərbaycan Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə 4 milyon 055,1 min ton neft nəql edilib.
NTV Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin ilk iki ayının göstəricisinə nisbətən 32,9 % azdır. Ötən dövr ərzində nəqletmənin 77 %-i BTC kəməri ilə həyata keçirilib.
Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 83,1 %-ni və ya 3 milyon 368,7 min tonunu Azərbaycanda hasil edilən neft, 16,9 %-ini və ya 686,4 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
Bu dövrdə BTC kəməri ilə nəql edilmiş Azərbaycan neftinin həcmi 9,4 %, Türkmənistan və Qazaxıstandan daxil olan neftin həcmi isə 3,5 % azalıb.
Xatırladaq ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan hasil edilən nefti və "Şahdəniz" yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.
AÇG-də BP (30,37 %), SOCAR (31,65 %), "MOL Group" (9,57 %) INPEX (9,31 %), "ExxonMobil" (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), "ONGC Videsh Limited" (OVL) (2,92 %) pay sahibidir.
