Naxçıvan karateçisi Xədicə Bayramova uşaqlar arasında dünya birincisi olub

Naxçıvan karateçisi Xədicə Bayramova uşaqlar arasında dünya birincisi olub

Bolqarıstanın Albena şəhərində XIV Dünya Şotokan Çempionatı keçirilib. 17 ölkədən 40-dan çox komandanın qatıldığı yarışda Azərbaycan 32 qızıl, 17 gümüş, 30 bürünc medalla komanda hesabında birinci olub. 79 medaldan 8-i  yığmanın heyətində çıxış edən Naxçıvan karateçilərinə mənsubdur.
 
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, gələcəyinə böyük ümidlər bəslənilən azyaşlı idmançı Xədicə Bayramova iştirak etdiyi yarışlarda maksimal nəticəyə nail olub. Xədicə (30 kq) 8-9 yaşlı uşaqlar arasında WKF kumite, şobu-ippon və şobu nihon növlərinin hər birində qızıl medal qazanmaqla həmyaşıdları arasında dünya çempionu olmağı bacarıb.    

Digər muxtar respublika idmançılarından Vüsal Seyidov (60 kq) 21 yaşadək gənclər arasında WKF kumite növü üzrə çəkidə ikinci yerə sahib çıxıb. 

Böyüklərin yarışına da qatılan təcrübəli karateçi çəkidə üçüncü olub. Vüsal bundan əlavə, komanda hesabında birincilik sevinci yaşayıb.

Yeniyetmələr arasında mübarizə aparan Məhəmməd Bağırov (61 kq) isə 16-17 yaş kateqoriyasında WKF kumite və şobu-ipponda üçüncü, şobu nihonda isə ikinci olub.

Komanda hesabında qazanılan nəticəni də nəzərə almaqla, Naxçıvan karateçiləri dünya çempionatını 4 qızıl, 2 gümüş və 3 bürünc medalla tamamlayıblar.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM