Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 16-da müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirib.
DİM-dən NTV-yə bildirilib ki, imtahan vermək üçün qeydiyyatdan keçmiş 145 nəfərdən 30-u imtahana gəlməyib. İmtahanda 16 nəfər müvəffəqiyyət əldə edib. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış ola biliblər. Nəticələr, həmçinin DİM-in saytında yerləşdiriləcək.
Qeyd edək ki, imtahanda iştirakçılara 30 test tapşırığı təqdim olunur. Hər doğru cavab bir balla qiymətləndirilir. Səhv cavablar düz cavabların nəticəsinə təsir göstərir. Hər səhv cavaba görə ümumi baldan 0.25 bal çıxılır. İmtahanın məzmunu ilə bağlı Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər iyunun 17-18-də saat 14:00-dan 16:00-dək DİM-də (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299) ərizə yazmalıdırlar. Ərizəyə ali təhsil haqqında diploma əlavənin (transkriptin) surəti də əlavə edilməlidir.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sifarişi ilə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanda müvəffəqiyyət qazanması (keçid balını toplaması) tələb olunur. İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu Agentlik tərəfindən aparılıb.
