“Google” şirkəti kibertəhlükəsizlik, proqramlaşdırma və mürəkkəb tapşırıqların yerinə yetirilməsi üçün nəzərdə tutulan yeni “Gemini 4 Carbon”süni intellekt modelini təqdim edib.
NTV “Investing” nəşrinə istinadla xəbər verir ki, model “Artificial Analysis Intelligence Index v5.0” reytinqində 59 bal toplayaraq birinci yeri tutub.
Şirkətin məlumatına görə, “Gemini 4 Carbon” proqram təminatındakı boşluqların aşkar edilməsi və onların aradan qaldırılması üçün düzəlişlərin hazırlanması sahəsində daha yüksək nəticələr göstərir.
“Google” modelin müdafiə mexanizmlərinin də gücləndirildiyini bildirib. “Gray Swan” sınağında model dolayı göstəriş inyeksiyalarından istifadə etməklə həyata keçirilən bütün hücumların qarşısını alıb.
İlk mərhələdə “Gemini 4 Carbon”dan yalnız məhdud sayda kibertəhlükəsizlik mütəxəssisi istifadə edə biləcək. Şirkət gələcəkdə modelə çıxışı etibarlı tərəfdaşlar, proqramçılar və biznes nümayəndələri üçün də genişləndirməyi planlaşdırır.
Modeldən istifadənin qiyməti bir milyon giriş tokeni üçün 2 dollar, bir milyon çıxış tokeni üçün isə 10 dollar təşkil edəcək.
