İyulun 23-dən 24-nə keçən gecə Gürcüstanın əsas turizm bölgələrindən biri olan Adigeni bələdiyyəsinin ərazisində torpaq sürüşməsi baş verib.
NTV xəbər verir ki, nəticədə Qomaro kəndində evlərə, avtomobillərə, yol infrastrukturuna, qaz və elektrik enerjisi xətlərinə ciddi ziyan dəyib.
Adigeni bələdiyyəsinin meri Qoça Kimadze fəsadların aradan qaldırılması istiqamətində işlərin görüldüyünü, xüsusi komissiyanın dəymiş ziyanı yerində qiymətləndirəcəyini bildirib.
O, həmçinin deyib ki, gələcəkdə oxşar təbii fəlakətlərin qarşısını almağın mümkün olub-olmadığını müəyyən etmək üçün hidroloqların, geoloqların və inşaatçıların hadisə yerinə baş çəkməsi vacibdir.
Qeyd edək ki, güclü yağış Gürcüstanın Qomaro, Kvemo Enteli və Şoqa kəndlərində problemlərə səbəb olub.
