NATO-nun üzv dövlətləri Alyansın növbəti beş il ərzində ortaq prioritetlərinə investisiyalarla bağlı 2027-2031-ci illər üçün Birgə Maliyyə Resurs Planını təsdiqləyib.
NTV xəbər verir ki, NATO bu məsələ ilə bağlı bəyanat yayıb.
Bəyanatda qeyd olunub ki, plan müttəfiqlərə NATO-nun gözlənilən resurs ehtiyacları barədə aydın və gələcəyə yönəlmiş fikir verir və daha çətin təhlükəsizlik mühitində Alyansın məqsədlərinə uyğun olaraq birgə maliyyələşdirmənin davamlılığını təmin edir.
Planın bir hissəsi olaraq, müttəfiqlər NATO-nun hərbi və mülki büdcələri, həmçinin Təhlükəsizlik İnvestisiya Proqramı üçün 2027-ci il maliyyələşdirmə limitlərini təsdiqləyib və ümumi birgə maliyyələşdirmənin 6,5 milyard avro artırıldığını elan edib.
Bununla yanaşı, NATO yanacaq təchizatı zəncirinin Proqramını da təsdiqləyib.
Bəyanatda qeyd olunub ki, bu çərçivədə təmin ediləcək 27 milyard avroluq investisiya NATO-nun mövcud yanacaq saxlama və paylama infrastrukturunu modernləşdirəcək. “Plana əsasən, Alyansın şərq və cənub-şərq hissələrində boru kəmərləri də daxil olmaqla yeni obyektlər tikiləcək və NATO qüvvələrinin döyüş hazırlığı üçün lazım olan enerji təchizatı təmin ediləcək”, -deyə Alyans vurğulayıb.
Qeyd olunub ki, NATO-nun birgə maliyyələşdirməsi təxminən 1 milyard insanın təhlükəsizliyini təmin etməyə kömək edən imkanları və infrastrukturu dəstəkləyəcək. Belə ki, maliyyələşdirmə çəkindirmə və müdafiəni gücləndirir, NATO əməliyyatlarını və missiyalarını təmin edir, hərbi hazırlığı dəstəkləyir və Alyansın məşvərət, komandanlıq və nəzarət proseslərinin əsasını təşkil edir.
Bəyanatda, həmçinin qeyd olunub ki, plan Ukrayna üçün Təhlükəsizlik Yardımı və Təlim Təşəbbüsü (NSATU) və NATO-Ukrayna Birgə Təhlil, Təlim və Təhsil Mərkəzi (JATEC) daxil olmaqla, Alyansın Ukraynaya prioritet dəstəyi üçün resurslar təmin edir.
