Çexiyada bəzi xəstəxanalarda pasiyentlərin psixoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə felinoterapiya proqramları uğurla tətbiq olunur.
NTV xəbər verir ki, xüsusi hazırlıq keçmiş pişiklər xəstələrin müalicə və reabilitasiya prosesində onlara emosional dəstək göstərmək üçün palatalara aparılır.
Mütəxəssislərin sözlərinə görə, heyvanlarla ünsiyyət insanların stres və narahatlıq səviyyəsini azaldır, özünü daha rahat hiss etməsinə kömək göstərir. Terapiya seansları hər bir pasiyentin sağlamlıq vəziyyəti nəzərə alınmaqla fərdi qaydada təşkil olunur. Xəstələr pişikləri sığallayır, qucaqlarına götürür və onların mırıltısını dinləyirlər.
Həkimlər bildirirlər ki, bu üsul əsas müalicəni əvəz etməsə də, sağalma prosesinə müsbət psixoloji təsir göstərir.
Layihə həm tibb işçiləri, həm də pasiyentlər tərəfindən yüksək qiymətləndirilir.
